Lalə Niftalıyeva
Biz hələ uzun müddət "bakirə olmayan qız", "boşanmış gəlin" mövzularını müzakirə edəcəyik. Çünki bizim hüquq fakültəsindən məzun olan "ali təhsilli" qadının əsas məqsədi ərə getməkdir. Mən heç kimi qınamıram, ümumiyyətlə, qınamağa qarşıyam. Amma bu mövzu nə qədər çürüsə də, reallıqdır. Və cəmiyyət bu problemlərin əsas səbəbkarının kişilər olduğunu deyir. Amma əsl günahkarın isə qadın olduğunu etiraf etmək lazımdır.
Çox sevdiyim bir rəfiqəm var. Bu il 75 yaşı tamam olacaq. İndiyə kimi tanıdığdım iki müdrik qadından biridir. Bir dəfə onunla Krişna məbədindən gəlirdik. İlk dəfə getdiyim bu məbədlə bağlı təəssüratımı bölüşürdüm. Mövzu birdən qadınlara gəldi. Mən əzilmiş millətin nümayəndəsi olaraq kişilərin qadınlara qarşı etdikləri haqsızlıqdan danışmağa başladım. O məni sona qədər dinləyib dedi: "Qızım, hazırda dünyada çox qarışıqlıq yaranıb. Sülhü yalnız qadınlar yarada bilər. Onların çox güclü enerjiləri var. Bundan istifadə etmək əvəzinə, özlərini kişilərə bənzədirlər. Anlamırlar ki, kişilərə tərbiyə verən elə qadınlardır".
"Analarımız üçün oğluna alacaqları qızın "qızlıq pərdəsi" çox önəmlidir"
Bu bir həqiqətdir. Məşhur psixoloq Erix From "Sevgi sənəti" əsərində kişi və qadın münasibətindən danışarkən, qadını yer, kişini isə göy kimi təsvir edir. Yerlə göy bir-birindən asılı olsa da, əsas məsuliyyət yerin üzərinə düşür. Göyün vəzifəsi yeri su ilə qidalandırmaqdırsa, yer öz övladlarını bəsləyir, onları formalaşdırır.
Bəli, qadın tərbiyəçidir. Çünki təbiət onu elə yaradıb. Mövzudan yayınıb bu barədə uzun-uzun danışmaq olar. Amma bizim əsas məqsədimiz cəmiyyətimizdə qadına münasibətin niyə hələ də dəyişməməsidir. Çünki mənim, sənin, onun, ümumiyyətlə, bizim anamız qısqancdır. Çünki onlar hələ də məişətin bir parçasıdır. Onlar üçün oğluna alacaqları qızın "qızlıq pərdəsi" çox önəmlidir. Yoxsa, qonşu Zülfiyyə ona kinayəli baxar birdən. Elə bilirsiniz ki, boşanıb evə qayıdan qızı anası qəbul edir? Edir, çünki övladına olan sevgisi instinktivdir. Amma evdə yaranan ilk mübahisədə elə ilk olaraq, o qızını təhqir edir. Hələ bizim cəmiyyətin "qısqanc ana"larından söz açsaq, nə qədər danışa bilərik. "Sən niyə həyat yoldaşına gülümsəyirsən? Səni o yox, mən doğmuşam".
"Müəlliməm arxamca danışaraq deyirdi ki, "O qız sizin tərbiyənizi pozur". 6-cı sinifdə oxuyan bir qıza mənim xalqımın analarının münasibəti budur.
Bilirsinizmi bu niyə belədir? Ağır uşaqlıq, sevgi və hörmət olmayan ailə həyatı, cəmiyyətin yaratdığı qanunlarla yetişən bir qadının eqosunu təmin edəcək yeganə vasitəsi uşağıdır. Hələ ki, bu oğlan uşağıdırsa. O zaman o bütün heyfini gəlinindən, qızından çıxır. Bu bəzən aşırı sevgi ilə olur. "Mən sənin ananam, südümü sənə halal etmərəm". İndi siz burda nə cür şəxsiyyətin formalaşdığını anlaya bilirsinizmi?
6-cı sinifdə oxuyanda, elə bizim məktəbdə Çimnaz müəllimənin oğlu Toğrul məni sevirdi. Yəqin ki, o yaşlarda olan sevginin nədən ibarət olduğunu bilirsiniz. Tənəffüsdə baxışmaqdan o tərəfə keçməyən sevgi. Bu müəllim oğlunun mənə olan sevgisi məktəbdə hər kəsin dilinə düşmüşdü. Və bir gün məktəbdə ən yaxın rəfiqəm gəlib dedi ki, "Anam deyir daha səninlə rəfiqə olmayım. Sən o oğlanla sevgilisən". Bu az deyilmiş kimi mən dərsə gəlmədiyim müddətdə müəlliməm arxamca danışıb ki, " O qız sizin tərbiyənizi pozur".
Ey xuda... 6-cı sinifdə oxuyan bir qıza mənim xalqımın analarının münasibəti budur. Onlara görə mən uşaq yox, artıq qadın idim. Sonra da körpə uşaqların zorlanmasına şahid oluruq...
Əziz xanımlar, kişilər bəsləyən, qadınlar yetişdirən qüvvədir. İlk olaraq özünüzü yetişdirin.
Qaynarinfo.Az
Şərhlər