Ölkə 20:55 15.03.2018

Banklar daşınar əmlakları girov kimi qəbul edəcəkmi?

Daşına bilən istənilən əmlak Daşınar əmlakın yüklülüyünün dövlət reyestrində girov predmeti kimi çıxış edə bilər.  

Oxu.Az xəbər verir ki, bunu maliyyə bazarlarına nəzarət palatasının baş icraçı direktoru İbrahim Alışov deyib:

"Hətta mobil telefon belə reyestrdə yüklü olaraq girov predmeti kimi çıxış edə bilər. Çox sadə mexanizmdir. Yetər ki, insanlar girov predmetini anlaya bilsinlər”. 

O deyib ki, reyestr hər hansı əşyanın təkrar girov qoyulmasının, satışının qarşısını alacaq. 

Qiymətləndirmənin necə aparılacağına gəlincə, İ.Alışov deyir ki, bu yöndə borc alan və borc  verən tərəf arasında ortaq məxrəc qəbul ediləcək:

"Kənar qiymətləndiricinin olmaması münasibətlərdə gərginliyin yaranmaması məqsədi daşıyır”. 

Məlum oldu ki, istənilən vətəndaş portalda hesab aça bilər:

"Bunun üçün yüklülük sahibi və yüklülük verən tərəf olmalıdır. Hazırda bu sahədə banklarla maarifləndirmə prosesi gedir”.