Xəbər lenti

Banklarda krediti olan hərbçilərlə bağlı vahid yanaşma (AÇIQLAMA)
Ölkə 14:27 23.10.2020

Banklarda krediti olan hərbçilərlə bağlı vahid yanaşma (AÇIQLAMA)

Hərbi ekspert və jurnalist Üzeyir Cəfərov ölkədə müharibə getdiyi bir dönəmdə "Beynəlxalq Bank” tərəfindən orduda döyüşən mayor rütbəli zabitə kredit borcunun ödənilməsi tələbilə zəng olunduğunu iddia edib.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı "Beynəlxalq Bank”ın mətbuat katibi Ydigar Cəfərov Modern.az-a bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizin kredit borcları ilə bağlı məsələnin adekvat həlli üçün hazırda ümumən bank sektoru üzrə vahid yanaşma müəyyənləşir.

"Bu məsələ qısa zaman ərzində hərbçi müştərilərimizi, onların ailə üzvlərini və ümumən cəmiyyətimizi ən yüksək səviyyədə qane edəcək şəkildə öz həllini tapacaq”.

Ü.Cəfərovun statusundakı konkret hala gəlincə, bank rəsmisi deyib ki, mayor rütbəli həmin müştəri barədə verilən təfərrüatlı məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi və s.) əsasında ətraflı araşdırma aparılıb:

"Kifayət qədər məsuliyyətli müştərilərimizdən olan bu şəxsin Azərbaycan "Beynəlxalq Bank”ına heç bir gecikmiş borcunun olmadığı və bankdan da ona zəng edilmədiyi müəyyənləşdi. Ümumən, bu mərhələdə hərbçi müştərilərimizə kredit ödənişləri ilə bağlı heç bir zəng edilməməsi barədə bankın müvafiq struktur bölmələrinə lazımi tapşırıqlar verilib və icrası nəzarətdə saxlanır.

Əlbəttə, anlaşılmazlıq üzündən müəyyən istisna hallar ola və bu anlaşılmazlıqlar dərhal aradan qaldırıla bilər. Amma qeyd etdiyimiz kimi, konkret olaraq, bu müştərilə bağlı belə bir hal baş verməyib.
Bu durumda cəmiyyətimiz üçün belə həssas günlərdə bu cür emosional və qeyri-etik kontentlər paylaşaraq, insanlar arasında çaşqınlıq yaratmağın, dövlət bankına qarşı etimadsızlıq mühiti formalaşdırmağın arxasında duran əsl məqsədlər bizim üçün, açığı anlaşılmazqalır”.

Y.Cəfərovun sözlərinə görə, hazırda Vətənimizin ərazi bütövlüyü uğrunda haqq davası aparan qəhrəman hərbçilərimiz sırasında Azərbaycan Beynəlxalq Bankının 30-dan artıq əməkdaşı da döyüşür:

"Bir Şəhidimiz də var. Yüzlərlə gənc əməkdaşımız da cəbhəyə yollanmaq, düşmənə qarşı vuruşmaq üçün çağırış gününü intizarla gözləyir. Bu baxımdan Üzeyir Cəfərovdan Azərbaycan Beynəlxalq Bankının kollektivinə qarşı fikirlərində bu məqamları da nəzərə almağını və ictimai statusuna, istefada olan hərbçi adına layiq şəkildə davranmağını rica edirik. Eyni zamanda, qeyd edirik ki, təhqir, böhtan müvafiq qanunvericiliyə əsasən, hüquqi məsuliyyət doğurur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Qarabağda Şəhid olan AĞ Partiyanın sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı  "Beynəlxalq Bank”ın əməkdaşı olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->