Ölkə 11:55 23.04.2019

Baş redaktorlardan Allahşükür Paşazadəyə dəstək - Bakı sammitindən gözləntilər

Bu il Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Noyabrın 14-15-də dünyanın nüfuzlu din xadimləri Bakıda bir araya gələcəklər. "Dünya dini liderlərinin II Bakı sammiti” adı altında keçiriləcək tədbirin təşkili ilə bağlı bir neçə gün əvvəl prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncamda sammitə hazırlıq məqsədilə Təşkilat Komitəsinin yaradılması da nəzərdə tutulur. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi komitədə dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, dini qurumların rəhbərləri və nümayəndələri təmsil olunurlar. Artıq komitənin ilk iclası keçirilib. İclasda sammitin fəaliyyət proqramının tərtib olunması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Qeyd edək ki, sözügedən sammit Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçiriləcək. Prezident aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi ilə bağlı ayrıca sərəncam imzalayıb.

"Qaynarinfo”  KİV rəhbərlərindən bu sərəncama münasibəti öyrənib.  

"Bu, böyük və mötəbər bir tədbirdir"

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı dünya dini liderlərinin Azərbaycana gəlməsini çox böyük hadisə adlandırıb: "Dini liderlər artıq ikinci dəfə Bakıda bir araya gəlirlərsə, təbii ki, bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. İstər-istəməz bu barədə dünyanın əksər media qurumlarında xəbərlər gedəcək. 

Sammiti təşkil edən dövlət orqanları geniş və ətraflı iş aparmalıdırlar. Hazırlıqlar əvvəlcədən görülməlidir. Dünyanın nufuzulu din xadimləri tədbirə qatılacaqsa, yəqin ki, ora təsadüfi media qurumları buraxılmayacaq. Əvvəlcədən siyahılar tutulmalıdır. Mütləq şəkildə media mərkəzi yaradılmalıdır.

Azərbaycan mediası bu tədbirin işıqlandırılmasına yüksək səviyyədə hazırlaşmalıdır. Bu, böyük və mötəbər bir tədbirdir və ciddi şəkildə hazırlıq görülməlidir". 

E.Şıxlı hesab edir ki, belə mötəbər bir tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı yaxşı bir fürsətdir və ölkəmiz bu fürsətdən yararlanmalıdır: "Çox adam düşünür ki, Dağlıq Qarabağ münaqişəsi bir müsəlman ölkəsi ilə bir xristian ölkəsinin mübarizəsidir. Biz izah etməliyik ki, bu münaqişədə dini zəmin yoxdur. Bu, sadəcə elementar separatizmdir".

"Yanvar hadisələri ilə bağlı mərasimlərin bütün yükü Şeyxin çiyinlərində idi"

E.Şıxlı ölkə prezidentinin Allahşükür Paşazadə ilə bağlı məlum sərəncamına da münasibət bildirərək bunu 40 illik faəliyyətə verilən qiymət kimi dəyərləndirib: "Şeyxin fəaliyyəti göz önündədir. Şeyxülislam 90-cı ilin yanvar hadisələrində, ondan əvvəlki illərdə millətinin yanında olub. Yanvar hadisələri ilə bağlı istər dəfn, istər hüzn mərasimlərinin bütün yükü onun çiyinlərində idi. Bəlkə də Azərbaycanda lazım olduğu qədər dəyərləndirmirik, amma deyim ki, şeyxin İslam dünyasında nüfuzu kifayət qədər yüksəkdir. Bu baxımdan hesab edirəm ki, prezidentin Allahşükür Paşazadənin 70 illiyi və şeyxülislam kimi fəaliyyətinin 40 illiyi münasibətilə verdiyi sərəncam göstərilən xidmət və fəaliyyətə qiymətdir".

"Bu sammit Azərbaycan üçün fövqəladə hadisədir"

Tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsini Azərbaycan üçün fövqəladə hadisə kimi qiymətləndirir: "Bu gün dünyada çox böyük gərginliklər və qarşıdurmalar yaşanır. Şərqdən Qərbə axın var, qaçqınlar var, mühacirlər var. Dünya sanki qaynayır. Belə bir şəraitdə dünyanın dini liderlərinin iştirakı ilə Bakıda bir dialoq, bir mükalimə havasının yaradılması fövqəladə bir hadisədir. Söhbət təkcə tədbirin mahiyyətindən getmir. Bakının bu sammitin təşkilatçılığını üzərinə götürməsi çox vacib məqamdır. Bu, ev sahibinin dünya ilə bağlı niyyətini də ortaya qoyur. Azərbaycanın bütün dünyada sülh, dialoq tərəfdarı olduğunu göstərir. Və dünyaya Bakının barış şəhəri olduğu mesajını verir. Bu da olduqca vacib və əhəmiyyətli nüansdır". 

Q.Məhərrəmlinin sözlərinə görə, zorən münaqişəyə cəlb edilmiş bir ölkənin belə bir sammitdə təşkilatçı rolunda çıxış etməsi də ciddi hadisədir: "Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, üçüncü ölkələrin Ermənistanın tərəfindən çıxış etməsi və s. Yəni bu sammit Azərbaycanın problemini dünyanın aparıcı dini liderlərinin diqqətinə çatdırmaq üçün yaxşı fürsətdir. Amma dediyim kimi, əsas məsələ bu sammitin fəlsəfəsidir. Müxtəlif dini cərəyanlara, dini konfessiyalara, fərqli təriqətlərə bağlı olan din xadimlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın dünyada müsbət imicini yaradır, sülh, barış tərəfdarı olduğunu ortaya qoyur. Düşünürəm ki, bu təşəbbüs hər bir azərbaycanlını sevindirməlidir". 

Q.Məhərrəmli bildirir ki, məlum tədbirlə bağlı medianın da üzərinə böyük iş düşür: "Medianın işi daha çoxdur. Azərbaycana dünyanın tanınmış din xadimləri gəlir. Bunlar elə adamlardırlar ki, dünya onlarla hesablaşır, bütün dünyada - həm Şərq, həm Qərb yarımkürəsindəki böyük dövlətlərdə sözləri keçir. Bu baxımdan ictimai xadimlərin də üzərinə yük düşür. Bu adamlarla görüşlərin keçirilməsi, televiziyada çıxışlarının təmin edilməsi, təhsil müəssisələrində gənclərlə görüşmələri - bütün bunlara diqqət ayrılmalıdır. Düzdür, bir çox ölkələrdə din dövlətdən ayrıdır. Amma din insanlardan, gedən proseslərdən ayrı deyil. Bir çox toqquşmalarda dini motivlər öndə olur. Bəzən dinlərarası ziddiyyətlərdən istifadə edib bir çox münaqişləri qızışdırırlar. Ona görə hesab edirəm ki, həm maarifləndirmə, həm öz problemlərimizi çatdırmaq, həm də dünyada gedən proseslərin mahiyyətini anlamaq baxımdan bu sammitin çox böyük əhəmiyyəti olacaq".

"Bu gün Azərbaycanda Şeyx kimi nüfuzlu bir şəxsiyyətin olmasını heç də hamı lazımi səviyyədə dərk etmir"

Ölkə başçısının QMİ sədri ilə bağlı sərəncamına da toxunan Q.Məhərrəmli ölkə qarşısında xidməti olan şəxslərin qiymətləndirilməsini vacib sayır: "Təəssüf ki, Azərbaycanda öndə olan bir çox parlaq şəxsiyyətlərə ciddi hücumlar olur. Onları gözdən salmaq üçün bilərəkdən kampaniya aparırlar. Mən bunu dəyərlərə olan hücum kimi görürəm. Bu gün Azərbaycanda Şeyx kimi nüfuzlu bir şəxsiyyətin olmasını heç də hamı lazımi səviyyədə dərk etmir. Mən Şeyxlə bir çox xarici ölkələrdə, o cümlədən Amerikada, Çeçenistanda, Pakistanda, İranda, Əlcəzairdə olmuşam. Onun necə böyük nüfuz sahibi olduğunu görmüşəm. Məsələn, Küveyt, Pakistan kimi ölkələrdə Şeyxə həm də ona görə hörmət edirlər ki, o, sovet dönəmində dinə hücumların olduğu bir vaxtda İslam dəyərlərini qoruyub saxlayan, İslam adına fəaliyyət göstərən bir şəxsiyyət olub. Və bu fəaliyyət bu gün də davam edir.

Şeyx Çeçenistanda da barışıdırıcı xidməti ilə yadda qalıb. 20 yanvar hadisələrini, o dövrü gözümüzün önünə gətirəndə görürük ki, ortada birinci növbədə nüfuzlu yazıçılar var idi. Hadisələr gərginləşəndə isə öndə din xadimlərini gördük. İlk növbədə də Allahşükür Paşazadəni. Hesab edirəm ki, onun 20 yanvar bəyanatı bizim milli etiraz, milli mübarizə və özümüzü ifadə tariximizdə ən ciddi məqamlardan biridir. Prezidentin məlum sərəncamı verməsi çox yaxşıdır. İnsanların əməyinin qiymətləndirildiyini görmək xoşdur. Çünki bəzən layiq olmayan adamlar önə çıxır, insanların əməyini, keçdiyi yolu kölgədə qoymağa çalışırlar. Prezidentin sərəncamı göstərir ki, Şeyx həzrətləri o çəkisini, nüfuzunu saxlayır. Məsələ təkcə vəzifə tutmaqda deyil. Məsələ həm də niyyətdədir. Şeyx bütün situasiyalarda barışdırıcı, milli ruhu ifadə edən mövqedən çıxış edib. Bir din xadimi olaraq həmişə dini maraqları qoruyub. Parlaq ideya və təşəbbüslərin müdafiəçisi olub".

"Bu sammitin Bakıda keçirilməsi özünəinamın göstəricisidir"

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də "Dünya dini liderlərinin II Bakı sammiti”nin təşkilini ölkəmiz üçün əhəmiyyətli hadisə sayır: "Azərbaycan prezidenti İlham Əliyev bu məsələlərə çox böyük diqqət ayırır. Məsələn, bir neçə il əvvəl Azərbaycanda multikultiralizm ili elan edilmişdi və bununla bağlı çoxlu beynəlxalq tədbirlər keçirilirdi. Bu tədbirlər bütün dünyaya həm də Azərbaycanın multikultural ənənələrini göstərmək, tolerantlığını nümayiş etdirmək məqsədi daşıyırdı. Bir ölkə, bir xalq özündən o qədər arxayın olmalıdır ki, bütün dünyaya öz tolerantlığını, dini dözümlülüyünü nümayiş etdirsin. 

Sözügedən tədbirin Bakıda keçirilməsi də özünəinamın göstəricisidir. Dünyanın dini liderlərinin Bakıya toplaşması onların Azərbaycandakı vəziyyəti, müxtəlif dinlərə mənsub insanların bir yerdə necə rahat yaşadığını, dini konfessiyaların problemsiz fəaliyyət göstərdiyini öz gözləri ilə görmələri baxımından əhəmiyyətlidir". 

Baş redaktorun fikrincə, son vaxtlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ölkənin həm iqtisadi inkişafı, həm də beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır: "Dinlə bağlı məsələlərdə şübhəsiz ki, medianın rolu böyükdür. Media bu mövzuya həssaslıqla yanaşır. Düzdür, bəzən sosial şəbəkələrdə, bloqlarda qeyri-peşəkarlıqdan və ya hanısa məqsədlərdən irəli gələn, dini tolerantlığımıza xələl gətirən xoşagəlməz yazılar olur. Amma ümumi götürəndə Azərbaycan mediası ölkədəki tolerantlığı, dini dözümlülüyü, müxtəlif dinlərin mənsublarının yanaşı yaşamasını normal işıqlandırır. Hesab edirəm ki, qarşıdakı bu mötəbər sammiti də uğurla işıqlandıracaq".

"Bu tədbir ölkəmizin dinlərarası dialoqa verdiyi töhfədir"

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Dünya dini liderlərinin II Bakı sammiti”ni olduqca əhəmiyyətli tədbir kimi qiymətləndirir: "Artıq neçə ildir ki, Azərbaycan bir-birinin ardınca maraqlı, əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bura həm mədəni, həm siyasi, həm idman xarakterli tədbirlər daxildir. Bu dəfə də dünyanın dini liderləri Azərbaycanda toplaşacaq. Bu, həm ölkəmizin dinlərarası dialoqa verdiyi töhfədir, həm Azərbaycanda dinlər arasında stabil həmrəyliyin göstəricisidir, həm də multikultural inkişaf nöqteyi-nəzərdən nümunəvi modelin nümayişidir. Eyni zamanda da, inkişaf və sabitlik nəticəsində dünyada Azərbaycana artan maraqdır. 

Məlum sammitin Bakıda keçirilməsi növbəti dəfə imkan verəcək ki, həm Azərbaycandakı mövcud reallıqları bir daha dünyaya nümayiş etdirək, həm ölkəylə maraqlanan, ölkə haqqında məlumat almaq istəyən müxtəlif dairələri informasiyalarla təmin edək, həm də qonaqları Azərbaycanın dinlərarası münasibətlərin tənzimlənməsində apardığı siyasətlə tanış edək. 

Bu gün dünyanın iki böyük dini - İslam və xristian dinləri arasında münasibətlərin pozulmasına yönələn xeyli cəhdlər var. Qarşılıqlı olaraq hər iki dinin dəyərlərinin təhqir olunması kimi faktlara tez-tez rast gəlirik. Məsələn, Məhəmməd peyğəmbərin karikaturlarının çəkilməsi və ya xristian dünyasının dəyərləri əleyhinə atılan addımlar. Azərbaycanın dini icmaları, xüsusən də Qafqaz Müsəlmanları İdarəsi bu cür hallara qarşı həmişə prinsipial mövqe nümayiş etdirib. 

Azərbaycanda həm dövlət səviyyəsində, həm ictimai səviyyədə, həm də dini konfessiyalar səviyyəsində bu iki din arasında münasibətlərin daha da dərinləşməsinə təkan verən təşəbbüslər var. Bu istiqamətdə dövlət siyasəti aparılır. Azərbaycan xristian və müsəlman icmaları arasında münasibətlərin daha da yaxşılaşmasında söz sahibidir. Bu baxımdan məlum sammitin Azərbaycanda keçirilməsi dünyada xristian-müsəlman həmrəyliyinə də öz töhfəsini verəcək. 

Bu tədbir Qafqaz Müsəlmanları İdarəsinin apardığı faəliyyətin, əldə etdiyi nailiyyətlərin dünya liderlərinə nümayiş etdirilməsi baxımdan da çox əhəmiyyətlidir".

A.Quliyevin sözlərinə görə, media bu sammitlə bağlı informasiya yaymaq kimi, öz ana funksiyasını çox məsuliyyətlə və obyektiv şəkildə həyata keçirməlidir: "Media nümayəndələrinin bir insan və Azərbaycan vətəndaşı olaraq da məsuliyyətləri var. Bu da maksimum dərəcədə yetkin fəaliyyət göstərməkdir. Yayılan hər yanlış informasiya, hər yanlış şərh dinlərarası münasibətlərə mənfi təsir göstərə bilər. Azərbaycan mediasını bu sammitin işıqlandırılmasında çox operativ, ardıcıl, obyektiv, siyasi cəhətdən yetkin görmək istəyirəm". 

Nərmin
Qaynarinfo