Xəbər lenti

Hüseynbala Səlimov
Siyasət 11:48 09.06.2021

Bayden Zelenskini niyə məyus etdi?

Hüseynbala Səlimov

ABŞ və Rusiya prezidentlərinin görüşünə bir həftə qalsa da, artıq bəzi detalları və konturları qeyd etmək mümkündür. Dünyanın əksər xəbər mərkəzləri və onların təcrübəli təhlilçiləri gələcək görüşün hansı nəticə ilə bitəcəyini təxmin etməyə çalışsalar da, rusiyalı politoloqlar indidən şadyanalığa başlayıblar ki, bunlar da heç səbəbsiz deyil.

Birincisi, ruslar görüşün, ümumiyyətlə, planlaşdırıldığını və baş tutacağını özlərinin qələbələri hesab edirlər. Məsələ bundadır ki, Bayden öz hakimiyyətinə Rusiya ilə bağlı çox sərt bəyanatlarla başlamışdı və sonda lap aşıb-coşaraq Vladimir Putini "qatil” də adlandırmışdı. Ona görə də əksər təhlilçilər bu fikirdə idi ki, iki dövlətin liderləri arasında ümumiyyətlə, görüşdən danışmaq çox böyük optimizm tələb edir. Amma bunlar artıq arxada qalıb və hər hansı fors-major situasiya yaranmasa, görüş təyin edildiyi vaxtda keçiriləcək.

İkincisi, rusların şadyanalığının digər səbəbi budur ki, Ukrayna prezidenti Vladinir Zelenski çox istəyirdi, Bayden Putinlə görüşdən əvvəl onunla görüşsün və bunun üçün Baydendən xahiş etməkdən belə çəkinməmişdi. 

Amma Zelenskinin xahişi nəzərə alınmadı və Co Bayden sonradan onunla telefonladanışıb yayda onu öz ölkəsində görmək istədiyini bildirsə də, Putinlə görüşdən əvvəl Zelenski ilə görüşmək təklıifini qəbul etmədi.

Üçüncü səbəb isə budur ki, Bayden Rusiya ilə bağlı bir sıra sanksiyaları, xüsusən də "Şimal axını” ilə bağlı sanksiyaları qaldırmağı düşünür, çünki onun fikrincə, bu layihə artıq tamamlanmaq üzrədir və ona qarşı sanksiya artıq gecikmiş bir məsələdir...

Bir sözlə, iki liderin görüşü həm bəyaz, həm də tutqun detallarla zəngindir. Əlbəttə, Zelenskinin xahişinə əməl edilməməsi o demək deyil ki, görüşdə Ukraynda məsələsi qaldırılmayacaq. Fəqət Rusiyaya işarə edildi ki, bu məsələ ABŞ üçün ən prioritet deyil və Vaşinqton ondan bir sövdələşmə predmeti kimi də istifadə edə bilər.

Olsun. Amma Ukrayna məsələsi prioritet deyilsə, onda ABŞ üçün prioritet məsələ nədir? 

Biz ara-bir keçmiş soyuq müharibəni yada salmağı sevirik. Təzə soyuq müharibəyə başlayıb-başlamamaq böyük dövlətlərin öz işidir, amma Baydendən əvvəlki soyuq müharibənin prinsipiallığını istərdik. Yarım əsr ABŞ Baltik ölkələrinin SSRİ tərəfindən ilhaq edilməsini tanımadı və nəticədə də bu üç respublika SSRİ-nin süqutundan sonra hamıdan tez öz azadlığına qovuşdu.

İndiki zamanda Rusiya ilə bağlı tənqidi yazı yazanda bunu təqdir etməyənlər də taplır, o cümlədən də Azərbaycanda, çünki hazırki Qarabağ prosesinin əsas iştirakşılarından biri Rusiyadır, hərçənd, onun sülhpərvər missiyası ilə bağlı aydın məqamlar kimi elə qaranlıq məqamlar da az deyil. 

Bəli, ümumi halda götürdükdə, elə biz də Rusiyanın Qarabağ prosesindəki son fəaliyyətini qiymətləndiririk. Amma ara-bir Rusiyaya təzyiq etmək zərurəti də yaranır. Əlbəttə, biz bir ölkə olaraq bunu bacarmarıq, çünki bizim ölkəmiz bunun üçün olduca kiçikdir. Amma dünya ölkələrinin Rusiya ilə bağlı mürərkəb siyasətləri var və biz ondan faydalana bilərik.

Axır vaxtlar Fransa öz "çaba”ları ilə xeyli qan qaraltsa da, ABŞ hələ ki təmkinlə davranır və düşünürük ki, Azərbaycan, Türkiyə və Rusiya nə qədər regional kommunikasiyaların açılışında israrlı olsalar, o qədər də ABŞ bu məsələdə ən azı öz siyasi dəstəyini verəcək. 

Bilirsiniz, bu, ABŞ üçün həm də bir psixologiya məsələsidir: motivlərindən asılı olmayaraq, amerikalılar bazar iqtisadiyyatının və biznesin məhdudlaşdırılmasını elə də sevmirlər, çünki bu xalq iliyinə qədər kapitalist xalqdır.

Odur ki, bizim də ABŞ sarıdan nigarançılığımızı aradan qaldıran məqamlar yetərincədir. Birincisi, Azərbaycan Qarabağ məsələsində öz sərhədlərindən kənara çıxmayıb. İkincisi, biz artıq təcrid siyasətini deyil, əməkdaşlığı önə çəkirik və hətta bununla bağlı bütün texniki detalları öz üzərimizə götürməyə hazır olduğumuzu bəyan edirik. Elə bu səbəbdən də düşünürük ki, Bayden–Putin görüşünün Azərbaycan üçün də pozitiv məqamları olacaq...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->