Siyasət 16:01 16.03.2022

Belarusu nüvə dövləti olmağa kim həvəsləndirib? (TƏHLİL)

Dünəndən başlayaraq, Belarus fevralın 27-də keçirilən referendumla qəbul edilən Konstitusiyanın yeni variantı ilə yaşamağa başlayır. Burada bir çox müddəalar əksini tapıb. Referendum nəticəsində qəbul edilən müddəalardan biri də Belarusun qeyri-nüvə statusundan imtina etməsilə bağlıdır. Belə ki, əhalinin əksəriyyəti ölkələrinin nüvə dövlətinə çevrilməsinə səs verib.

Qeyd edək ki, SSRİ-i dağılandan sonra 1991-ci ilə qədər Sovet İttifaqının 10.200 nüvə başlığı vardı. Hansı ki, bu silahların 1120-si Belarusda idi. Belarus, 1991-1996-cı illərə qədər həmin silahlara malik olub. 1996-cı ildə isə nüvə silahını 1992-ci ildə imzalanan Lissabon Protokoluna əsasən Rusiyaya verib. 
Belarus SNV-1 Müqaviləsini və "Lissabon Protokolu"nu 4 fevral 1993-cü ildə təsdiqlədi və 22 iyul 1993-cü ildə "Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə"yə, nüvə silahı olmayan bir dövlət olaraq qoşuldu. 

Beləliklə, həmin dövrdən üzü bəri Ukrayna kimi Belarus da qeyri-nüvə dövləti olaraq fəaliyyət göstərir. Lakin Konstitusiyanın yeni variantından belə görünür ki, Minsk yenidən nüvə dövləti olmaq niyyətinə düşüb. Daha doğrusu, Belarusa qalsa, bunu o, təkbaşına bacarmaq gücündə deyil. Birmənalı olaraq aydındır ki Belarusun nüvə dövləti statusunun qaytarılmasında Minskdən daha çox Moskva maraqlıdır. Güman ki, Minski buna vadar edən də məhz Kremldir. Belarus təkbaşına bu istiqamətdə heç bir addım ata bilməz. Amma Rusiya dəstək verdiyi təqdirdə, birmənalı olaraq müəyyən müddətdən sonra Belarusun da nüvə dövlətləri cərgəsinə daxil olacağının şahidi ola bilərik. Görünən odur ki, Moskva bu istiqamətdə Minskə hərtərəfli dəstək verəcək.   
 
Qeyd edək ki, Qərb, xüsusən də ABŞ Ukraynanın yenidən nüvə arsenalına malik olmasında maraqlıdır. Qərbin burada məqsədi Rusiyaya qarşı dura biləcək güclü Ukraynanın yaradılmasıdır. Bunun yollarından biri də Qərbdəki siyasilərin fikrincə, Ukraynanın nüvə arsenalının bərpasından keçir. Düzdür, indiki şəraitdə Qərbin bu istəyinin reallaşması mümkünsüz hala gəlib. Ukrayna müharibəsi fonunda Kiyevin buna getməsi istər-istəməz Moskvanı bu ölkəyə münasibətdə daha da aqressivləşdirə bilər. Görünür, bunun əvəzində Rusiya da Belarusu irəli ataraq, onun da nüvə silahına malik olmasına çalışır. 

Moskva keçmiş sovetlər birliyi dövründə də bu istiqamətdə addımlar atıb. Şimali Koreyanın nüvə dövlətləri sırasına qoşulmasında məhz Rusiyanın dəstəyi mühüm rol oynayıb. Bunun nəticəsidir ki, hazırda Şimali Koreya ara-sıra Vaşinqton və Tokionun başını ağrıtmaqla məşğul olur. 

İndi Belarusu da anoloji addıma sürükləməklə Moskva Avropanı, xüsusən də onun şərq hissəsini qorxu altında saxlamağı düşünür. 

Bu baş verərsə, sözsüz ki, ABŞ da cavabsız qalmayacaq. Vaşinqton Ukraynada həmin məsələyə nail olmasa, Belarusla sərhəddə yerləşən Polşanın da nüvə dövləti olmasına çalışacaq. 

Bütün hallarda, görünən odur ki, Moskva 30 ildən çoxdur Avropada hökm sürən sakitliyi, əmin-amanlığı pozmaqda israrlıdır və bu müstəvidə Belarusu nüvə dövlətinə çevirməklə ondan da yararlanmaq niyyətindədir.   

Rüfət Sultan