Siyasət 16:06 05.12.2019

Bələdiyyə seçkiləri: Namizədlərin qeydiyyatında problemlər olmayıb

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, dərc olunan siyahıda 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 41800-dək şəxsin namizədliyi qeydə alınıb.

Seçki prosesinə start verildiyi gündən namizədlərin qeydə alınması ilə bağlı mediada və sosial şəbəkələrdə hər hansı narazılıqlar qeydə alınmayıb. Bakıda və bölgələrdə çox sayda müxalif namizəd qeydə alınıb. Qeyd edək ki, 10 müxtəlif partiya seçkidə iştirak etməklə balı qərar verib. Bəzi partiyalar isə partiya şəkilində deyil, üzvləri fərdi qaydada namizədliyini irəli sürüb.

Maraqlıdır, görəsən MSK neçə müxalif, eləcə də müstəqil namizədi qeydiyyata alıb? Həmçinin neçə gənc namizəd bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edib? Bu suallara cavab tapmaq üçün MSK-ya müraciət etsək də, qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli ilə əlaqə saxlaya bilmədik.

Seçkidə iştirak edəcək bəzi partiyalarla əlaqə saxlayıb, namizədlərinin qeydə alınması və həmçinin üzlədikləri problemlərlə maraqqlandıq:

Seçkiyə fərdi qaydada qatılacaq REAL Partiyasının təmsilçisi Natiq Cəfərli bildirdi ki, təşkilatın 5 üzvünün namizədliyi qeydiyyata alınıb: 
 
"Amma hələ qeydiyyata alınmamış başqa üzvlərimiz də var. Onların da işinə baxılır. Təkcə üzvlərimizin yox, bütün müstəqil namizədlərin, əvvəllər bizim çevrədə olan insanların və digər müxalif partiyalardan qeydiyyatdan keçmiş gənc üzvlər olacaqsa, onların siyahısını dəqiqləşdirib ümumi bir çağırış etməyi düşünürük. İstəyirik ki, insanlar bələdiyyə seçkilərində iştirak edib, həmin namizədlərə səs versinlər. Qeydiyyatdan keçən 5 üzvümüzlə bağlı piar materialları hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Nə seçimlərdə, nə imzatoplama kapmaniyasında, nə də qeydiyyatla bağlı hələlik bir çətinlik olmayıb. Təşviqat dönəmi başlayıb. Ümid edirəm ki, təşviqatla da bağlı bir problem olmayacaq. İndiyədək bələdiyyə ərazilərində qeydə alınmış namizədlərlə bağlı bəzi görüşlər keçirilib. Bu görüşlərə hər hansı maneə yaradılmayıb, müdaxilə olmayıb".

Azərbaycan Demokratik İslahatlar Partiyasını sözcüsü Ülkər Abdullayeva da heç bir problemlə üzləşmədiklərini dedi:

"Biz təxminən 200 nəfərin namizədliyini irəli sürmüşdük. Bildiyim qədəri ilə, hazırda onların 80-dən çoxu rəsmən qeydiyyatdan keçib. Artıq paytaxt və regionlarımızda təbliğat-təşviqat kampaniyasına start verilib. Hesab edirik ki, nəticələr uğurlu olacaq. Düşünürük ki, qeydiyyatdan keçən namizədlərimizin böyük əksəriyyətinin bələdiyyə üzv seçilmək şansı var. İndiyədək heç bir maneəyə rast gəlməmişik. Namizədliyini irəli sürən şəxslər maksimum çalışmışdılar ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədlərini hazırlasınlar, imza nümunələri və s. müvafiq dairə seçki komissiyasına təqdim eləsinlər. Ola bilsin ki, sənədlərin hazırlanmasında müəyyən çatışmazlıqlar olub və bu səbəbdən namizədlərimizin hamısının sənədləri qeydiyyata alınmayıb. Hər halda hazırda qeydiyyata alınan şəxslərin sayı bizi qane edir və hesab edirik ki, hər şey normal keçib. Partiya mərkəzi qərargahına namizədlər tərəfindən hər hansısa şikayət daxil olmayıb".

Ümid Partiyasının nümayəndəsi Saleh Əliyev isə bəzi problemlərlə də üzləşdiklərini deyir:

"Ümid Partiyası olaraq 1500-dən artıq namizəd irəli sürmüşdük. Lakin təəssüflər olsun ki, bu seçkilərdə bizim xeyli sayda üzvümüzə problemlər yaradıldı və böyük əksəriyyətinə namizədlikdən imtina etmələrilə bağlı təzyiqlər göstərildi. Amma partiyanın xeyli namizədi də qeydiyyata alınıb. İndi respublika miqyasında təşviqat kampaniyasına hazırlaşırıq. Bölgələr üzrə namizədlərin seçki plakatları, partiyanın seçki şüarı müəyyənləşdirilir. Yaxın günlərdə fəal olaraq təşviqat kampaniyasına start verəcəyik. Yaradılan problemlərlə bağlı yəqin ki, seçki yekunlaşandan sonra ümumi hesabatımızda daha detallı məlumat veriləcək. Ümumi olaraq onu deyim ki, bu problemlər əsasən iki istiqamətdə olmuşdu. Bu işdə də yenə ənənəvi olaraq yerli icra infastrukturları və ərazi üzrə polis müvəkkillərindən istifadə olunurdu, üzvlərimizin namizədlikdən geri çəkilməsinə çalışılırdı.".

Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının (BAXCP) təmsilçisi Elçin Mirzəbəyli hər hansı maneə ilə üzləşmədiklərini bildirib: 

"Yetərli sayda namizədimiz var. Hazırda konkret rəqəm açıqlamaqda çətinlik çəkirəm. Namizədlərimizin bir hissəsi partiyanın təqdim etdiyi siyahı ilə, bir hissəsi də müstəqil şəkildə, amma partiya üzvü olduğunu qeyd edərək seçkiyə qatılıb. Ümumi say barədə isə yaxın günlərdə mətbuata açıqlama verəcəyik. Amma onların proses ərzində hər hansısa qanun pozuntusu ilə qarşılaşması barədə bu günə qədər bizə məlumat daxil olmayıb. Əksinə bizim namizədlərimizin əksəriyyəti qeydə alınıb və seçkilərdə iştirak edəcəklər". 

Xatırladaq ki, respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Röya Kərimli