Xəbər lenti

Bəzi dərmanların ölkəyə idxalı qadağan edildi
Ölkə 16:10 06.02.2013

Bəzi dərmanların ölkəyə idxalı qadağan edildi

Azərbaycan Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının qərarı ilə "Lirika" və "Koaksil" dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılıb və dövlət qeydiyyatından çıxarılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, şuranın iclasının gündəliiynə "Lirika" və "Koaksil", "Tropin" və "Midriasil" dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, "Oktaqam" preparatının dövlət qeydiyyatının bərpa olunması və s. məsələlər daxil edilib.

Ətraflı müzakirələrdən sonra "Lirika", "Koaksil", "Tropin" və "Midriasil" dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq, "Lirika" və "Koaksil" dərman preparatlarının respublikaya idxalının bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb.

Eyni zamanda, "Tropin" və "Midriasil" dərman preparatları dövlət müəssisələrində işlənən əsas dərman preparatlarının siyahısına daxil edilib və aptek şəbəkəsindən satışdan çıxarılıb.
"Oktaqam" (normal insan immunoqlobulini) dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlər aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->