Foto 14:07 03.08.2020

Biləsuvarda Qarabağ qazisinin pəncərəsini kim və niyə daşa basır? (FOTO/VİDEO)

Biləsuvarda Qarabağ qazisinin evi daşa basılıb, pəncərələri qırılıb.

Bu barədə Qaynarinfo-ya Qarabağ qazisi Berkut ləqəbli döyüşçü Asif Həşimovun özü məluma  verib. Onun sözlərinə görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat versə də, heç bir tədbir görülməyib:

"9 gündür evimi daşa basırlar, pəncələrərin 70%-i sındırılıb. Bununla bağlı dəfələrlə "102" xidmətinə məlumat vermişəm. Amma bu günə kimi bir adam nə həbs olunub, nə də saxlanılıb. Bir-iki nəfərdən izahat alınıb, vəssalam... İki mərtəbəli evdir. Evin bir tərəfinin pəncərələri salamatdır. Amma digər, qonşuya baxan pəncərələr hamısı daşla qırılıb. Hasara çıxıram, qonşu deyir "mənim həyətimə niyə baxırsan", həyətinə girib baxmaq istəyirəm, icazə vermir. Polisə deyirəm, baxmır, araşdırmır".

Asif Həşimov dövlətinə, millətinə bağlı biri olduğunu qeyd edib: 

"Mən haqq adamıyam. İmkan vermərəm ki, dövlətimə, hökümətimə, bayrağıma kimsə ziyan vura. Millətimin qeyrətini çəkən adamam. Bilmirəm ki, məni sındırmaq istəyirlər, yoxsa qorxutmaq. Bu, mənə aydın deyil. Tovuz hadisələrindən sonra bir ərizə yazdım, gedib döyüşmək istədiyimi bildirdim. Amma indi teleqram vurmaq istəyirəm ki, xahiş edirəm, ərizəmi geri qaytarın. Mən evin içindəyəm hələ, evimi dağıdırlar. Gör mən evdə olmasam, bu evi nə hala qoyarlar. Polis edilən şikayətlərimə baxmır. Zəhmət çəksinlər, evimə atılan daşlardakı barmaq izlərini götürüb yoxlasınlar. Amma etmirlər...”

Bahar Rüstəmli