Biləsuvar rayon Notariat Ofisinin sabiq xüsusi notariusu Xanoğlan Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə Xanoğlan Məmmədovu Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilib.
Hökmə əsasən, ona hər iki əsas maddə üzrə 1 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ayrı-ayrılıqda 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş cəzalar qismən toplanılıb və Xanoğlan Məmmədova qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməyib.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs notarius vəzifəsində işlədiyi dövrdə vərəsəlik işləri üzrə qanunvericiliyin tələblərini pozaraq bir sıra şəxslərin qanuni vərəsəlik hüquqlarının pozulmasına şərait yaradıb.
İttihama görə, o, Ədliyyə Nazirliyinin "Elektron Notariat" informasiya sistemində digər vərəsələrin mövcudluğunu gördüyü halda, Biləsuvar rayonunun Çinarlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərək bir şəxsin həmin əmlakların yeganə vərəsəsi kimi tanınmasına şərait yaradıb. Nəticədə digər vərəsələr qanunla onlara çatan paylardan məhrum ediliblər.
Cinayət işinin digər epizodunda isə notariusun vətəndaşın atasından qalan miras əmlakla bağlı qanuni hüquqlarını pozduğu müəyyən olunub. Belə ki, o, digər vərəsənin mövcudluğunu bildiyi halda, qanunvericiliklə nəzərdə tutulan altı aylıq müddəti gözləmədən və yalan məlumatlar əsasında vərəsəlik şəhadətnaməsi rəsmiləşdirib. Bunun nəticəsində dəyəri 60 min manatdan artıq qiymətləndirilən fərdi yaşayış evi və torpaq sahəsi bir şəxsin adına keçirilib, digər vərəsə isə qanuni payından məhrum olub.
Məhkəmədə ifadə verən Xanoğlan Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, bəzi hallarda yerli icra nümayəndəlikləri tərəfindən təqdim edilən arayışlara əsaslanıb və sonradan sənədlərdə uyğunsuzluqların aşkar edildiyini öyrənib. Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, digər vərəsələrin mövcudluğu barədə məlumatların gizlədilməsi ona təqdim olunan sənədlərlə əlaqədar olub.
Seyid
Şərhlər