ABŞ Prezidenti Donald Tramp fransalı lider Emmanuel Makronu onun son sülh təşəbbüsünü dəstəkləməkdən imtina etdiyinə görə tənqid edib və cavab olaraq şampan şərabına nəhəng gömrük rüsumunun tətbiq edilə biləcəyini deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.
Tramp jurnalistlərə bildirib ki, Makronun dırnaqarası "Sülh Şurası"na qoşulmaq dəvətini rədd etdiyini öyrəndikdən sonra Fransa şərablarına və şampanına rüsumlar tətbiq edəcək.
"Heç kim onu istəmir, çünki o, tezliklə vəzifəsini tərk edəcək", – deyə Tramp Fransa prezidenti haqqında jurnalistlərə bildirib.
"Mən onun şərablarına və şampanına 200 faizlik gömrük tarifi tətbiq edəcəyəm və o, qoşulacaq", – deyə ABŞ prezidenti əlavə edib.
Prezident həmçinin fransalı həmkarından gələn mətnli mesajı da dərc edib. Həmin mesajda Makron Trampı cümə axşamı Parisdə şam yeməyinə və Ukrayna, Suriya, Danimarka və Rusiya ilə görüşə dəvət edib.
Xatırladaq ki, daha əvvəl KİV-də Sülh Şurasının nizamnamə layihəsi dərc olunmuşdu. Həmin sənədə əsasən, ABŞ Prezidenti Donald Tramp daimi üzv olmaq istəyən dövlətlərdən hər biri üçün bir milyard dollar tələb etməyə hazırlaşır və "Sülh Şurası”nın bütün qərarlarında son söz sahibi olacaq.
ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə "Sülh Şurası"na 49 dövləti və Avropa Komissiyasını dəvət edib. Dəvət olunanlar arasında Ukrayna da var, lakin hələlik ondan cavab gəlməyib.
Siyahıda 49 ölkə var ki, onların arasında əksər Avropa dövlətləri, həmçinin Rusiya, Belarus, Ukrayna, İsrail, Səudiyyə Ərəbistanı, Pakistan, Oman və başqaları yer alır. Avropa Komissiyası siyahıda ayrıca qeyd olunub. Bu arada Ermənistan hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağı üzrə "Sülh Şurası”na qoşulmaq barədə rəsmi dəvət aldığını və qəbul etdiyini yazıb.
"Ukrayna həqiqəti"nin (UP) məlumatlı həmsöhbəti də belə bir təklifin gəldiyini təsdiqləyib, lakin Ukrayna hələlik onu öyrənir və hələ cavab verməyib.
Tramp bəzi dəvət olunanların üzvlük şərtlərinin yenidən yazılması çağırışlarına baxmayaraq, imzalama mərasiminin cümə axşamı Davosda keçirilməsini istəyir.
Dəvət olunanların siyahısı bu işdən xəbərdar olan şəxslərin məlumatları və sosial şəbəkələrdəki paylaşımlar əsasında tərtib edilib. Bütün ölkələr dəvəti aldıqlarını təsdiqləməyib və siyahı tam deyil:
•Albaniya
•Argentina
•Avstraliya
•Avstriya
•Bəhreyn
•Belarus
•Braziliya
•Kanada
•Kipr
•Misir
•Avropa Komissiyası
•Finlandiya
•Fransa
•Almaniya
•Yunanıstan
•Macarıstan
•Hindistan
•İndoneziya
•İrlandiya
•İsrail
•İtaliya
•Yaponiya
•İordaniya
•Qazaxıstan
•Mərakeş
•Niderland
•Yeni Zelandiya
•Norveç
•Oman
•Pakistan
•Paraqvay
•Polşa
•Portuqaliya
•Qətər
•Rumıniya
•Rusiya
•Səudiyyə Ərəbistanı
•Sinqapur
•Sloveniya
•Cənubi Koreya
•İspaniya
•İsveç
•İsveçrə
•Tailand
•Türkiyə
•Birləşmiş Ərəb Əmirlikləri
•Böyük Britaniya
•Ukrayna
•Özbəkistan
•Vyetnam
Trampın Davosda təqdim etdiyi bu qalmaqallı layihə (üzvlük üçün 1 milyard dollar tələbi və bütün qərarlarda Trampın veto hüququ) paytaxtlarda birmənalı qarşılanmayıb:
Rəsmi Ankara hələlik "gözlə və gör" mövqeyindədir.
Türkiyə Qəzza məsələsində əsas oyunçulardan biri olduğu üçün bu şurada təmsil olunmaqda maraqlıdır, lakin nizamnamənin "milyard dollar" şərti və Trampın mütləq hakimiyyəti Ankaranın suverenlik prinsiplərinə ziddir.
Türkiyənin bu şuraya "daimi üzv" kimi deyil, öz şərtləri ilə və ya daha balanslı bir statusla qoşulmaq üçün danışıqlar aparacağı gözlənilir. Rəcəb Tayyib Ərdoğanın Trampla Davosdakı fərdi görüşündən sonra rəsmi qərar veriləcəyi bildirilir.
Astana hər zamankı kimi "çoxvektorlu" siyasətinə sadiq qalır.
Qazaxıstan Xarici İşlər Nazirliyi dəvətin alındığını təsdiqləyib. Onlar üçün bu, "beynəlxalq sülhməramlı təşəbbüslərdə iştirak" fürsəti kimi görünsə də, iqtisadi tərəflər (milyard dollar öhdəliyi) Qazaxıstan üçün cəlbedici deyil.
Qazaxıstanın layihəni dəstəkləyəcəyi, lakin "daimi donor" olmaqdan çox, siyasi dəstək verən tərəf kimi çıxış etməyə çalışacağı ehtimal olunur.
Ukrayna Prezident Ofisindən sızan məlumatlara görə, Ukrayna bu dəvəti "strateji tələ" kimi görür. Bir tərəfdən Trampın dəstəyini itirmək istəmirlər, digər tərəfdən isə Qəzza şurasına 1 milyard dollar vermək müharibə şəraitində olan ölkə üçün qeyri-mümkündür.
Rusiya və Belarusa gələndə isə, maraqlıdır ki, bu iki ölkə dəvəti dərhal müsbət qarşılayıblar. Onlar üçün bu, beynəlxalq izolyasiyadan çıxmaq və ABŞ ilə birbaşa masaya oturmaq üçün bir bəhanədir.
Alpər
Şərhlər