Ölkə 09:37 15.10.2022

Bir qurultay çağırılmalı və bütün qurultaylar ləğv edilməlidir - Yazıçılar AYB-dən danışır

Azərbaycan Yazıçılar Birliyinin qurultayına sayılı günlər qalıb. Odur ki, ədəbi məkanın diqqətini özündə formalaşdıran bu tədbirlə bağlı dedi-qodular çoxalmaqdadır. Bəziləri birliyin sədri kimi illərdir quruma rəhbərlik edən Anar Rzayevi görmək istəsə də, bəziləri yeni bir ismə ümid bəsləyir. Amma bəzi yazarlarımız isə birlikdən əllərini üzdüklərini dilə gətirir. 

Bəs, bu qurultayda Yazıçılar Birliyinin sədri vəzifəsinə kimlər namizədliyini irəli sürəcək?

Bütün narazılıqlara baxmayaraq, hazırkı sədr Anar Rzayev Qaynarinfo-ya açıqlamasında qurultayda yenidən namizədliyini verəcəyini dilə gətirib. Xalq yazıçısı Cingiz Abdullayevin də namizəd olacağı deyilsə də, dəfələrlə zəngimizə baxmayaraq, onun rəyini öyrənə bilmədik. Şair və yazıçılar AYB-nin bu qurultayından nə gözləyir?

Qaynarinfo bu sualla bağlı bir qrup şair və yazıçı arasında apardığı sorğunu təqdim edir:

Şair Aqşin Yenisey: "Yazıçılar Birliyinin qurultayı reanimotoloji tədbirdir. Birliyin başa çatmaqda olan ömrünü bir az da uzatmağa hesablanıb. Reallıq budur ki, adı Yazıçılar Birliyi olsa da, bu birlik müstəqillik dövr yazıçılarımızın yetişməsində, müasir ədəbiyyatın fəlsəfəsinin, estetikasının yenilənməsində heç bir rol oynaya bilmədi. Çağdaş, yeni fikirli yazıçı və şairlərimiz çoxdan bu birlikdən əllərini üzüb, gözlərini çəkiblər. Orada baş verənlər müasir ədəbi çevrələrin gündəmində deyil. Bundan əvvəlki qurultaydan sonra ədəbiyyatımızda nə dəyişdi ki, bu qurultaydan sonra da nəyinsə dəyişəcəyinə ümid olsunlar? Keçən dəfə Əlinin papağını Vəlinin başına qoymuşdular, bu dəfə də Vəlinin papağını götürüb Əlinin başına qoyacaqlar”.

Yazıçı Şərif Ağayar: "Artıq AYB qurultayı mövzusu mənim üçün lətifədir. Bu məsələ nəinki gerçək təsirini, hətta ciddiliyini də itirib. Məncə, bunu yenilənməkdə olan hökumətimiz də başa düşür. Təsəvvür edin, gedib Amerikada oxuyub gələn ingilisdilli bir məmuru AYB qurultayında otuzdurursan və axıracan çıxmağa qoymursan. Əvvəla, o, nə baş verdiyini anlamayacaq. Anlayandan sonra isə gülüş krizinə girəcək. Elə ona görə hər dəfə bu qurultayları teatr binalarına salırlar. Keçən dəfə "Muzkomedi”yada, bu il "Azdrama”da... İzləyin və əylənin. Bütün oyun-tamaşalar isə yaşlı bir yazarın "tavan yapmaqda olan” eqosunu yemləmək üçündür. Onu növbəti dəfə seçib bir QHT-yə rəhbərliyinin 40-cı ilini qeyd edəcəklər. Dünyada ömrü Anar müəllimin AYB rəhbərliyi qədər çəkən imperiyalar olub. Allah ömür versin, əlli ili tamam eləsin, biz də baxaq gülək. İşin pis tərəfi bircə budur: bu oyun-tamaşa ədəbiyyatımızın "Titanik” kimi batması hesabına başa gəlir, gəmini tərk eləmək iqtidarında olan qələm adamları isə tək-tükdür. Bəlkə də belə yaxşıdır. Gerçək yazarları "feyk” yazarlardan ayırmaq prosesini sürətləndirirlər”.

Yazıçı Tural Cəfərov: "Bu sualın cavabı elə sualın içində gizlənib. Ədəbiyyat və qurultay sözləri yanaşı dayanmır, ya o biri yıxılır, ya bu biri. Bu vəziyyətdə yıxılan ədəbiyyatdır. Qurultay isə ayaq üstədir. Bir qurultay çağırılmalı və bütün qurultaylar ləğv edilməlidir. Bu məzhəkəyə son qoymağın vaxtı gəlməyibmi? Ədəbiyyatın ümumən mədəniyyətin bu faciəvi zamanında partiya sədri seçkisi kimi ədəbiyyat seçkisi anoxronik mahiyyət daşıyır”.

Yazıçı Cəlil Cavanşir: "Mən ümumiyyətlə, AYB-dən və onun qurultayından heç nə gözləmirəm. Yeganə gözləntim xalq yazıçımız Anarın əbədi sədrliyinin rəsmiləşməsidir. AYB-də baş verənlər mənim üçün əyləncədən başqa bir şey deyil. Qismət olsa, "Qurultay oyunları" adlı bir komediya yazmaq istəyirəm. Hər dəfə qurultay məsələsi gündəmə gələndə yazacağım komediyanın bir pərdəsini düşünürəm. Əminəm ki, bu qurultay da çox əyləncəli olacaq. Təsəvvür edin yüzlərlə yazıçı, şair, tənqidçi yığışıb məzhəkə çıxarır. Arsız-arsız dövlətdən pul alıb, dəbdəbəylə qurultay da keçirirlər. Kimə lazımdır sizin qurultayınız, seçkiniz? Guya Anar gedib, Çingiz Abdullayev gəlsə nə olacaq? Bu dəfə Anara yaltaqlananlar Çingizə yaltaqlanacaq".

Yazıçı Əyyub Qiyas: "Məncə dəyişiklik olmayacaq. Anar müəllimin namizədliyi irəli sürülsə, ona səs verəcəyik. Əgər başqa namizədlər olsa, yəqin hər kəs öz seçiminə görə qərar verəcək. Allah Anar müəllimə can sağlığı versin, lap o sədrlikdən getsə belə, yenə mənim üçün sərd olaraq qalacaq. Çünki şəxsiyyət kimi də, yazıçı kimi də həyatımda böyük rolu olub. Bunu unuda bilmərəm”.

Yazıçı Ayxan Ayvaz: "Heç bir gözləntim yoxdur. İstəyir, Anar 200 il sədr olsun. Artlq vecimə deyil. Dedim axı, heç bir gözləntim yoxdu. Sədr dəyişsə də, AYB dəyişməyəcək”.

Şair Aqşin Evrən: "Əvvəla, onu deyim ki, mən heç bir qurumun, təşkilatın üzvü deyiləm, eləcə də AYB-nin. Yəni bu qurumla heç bir alıb-verəcəyim yoxdur. Hətta məndə olan məlumata görə, iştirakım zəruri olan tədbirlərə də qəsdən dəvət etmirlər. Başqa məsələlər də var, amma gündəmə gətirib bəzi müqəddəs dəyərlərin fonunda suyu bulandırmaq istəmirəm. Nə isə ki, Allah canlarını sağ eləsin. O ki qaldı sədrlik məsələsinə, lap çox güman ki, yeni sədr Xalq yazıçısı Anar olacaq. Qurultaydan gözləntim yoxdur, amma sonrası ilə bağlı gözləntilərim var. Təxminən 4-5 ay əvvəl mənə Türkiyədən yazmışdılar: şeirlərimi öz dərgilərində çap etmək istəyirdilər. Bildirdilər ki, daha sonra başqa ölkələrdə də tərcümə olunub yayımlanacaq, üstəlik gələcəkdə məni Türkiyəyə dəvət edəcəklər. Öz kanallarım vasitəsilə araşdırdım, məlum oldu ki, bu, Türkiyədəki erməni aydınlarına bağlı dərnəkdir. Təbii ki, şeirlərimi onlara göndərməkdən imtina etdim. Amma mənim yerimə hansısa təcrübəsiz gənc olsaydı, indiyə tələyə düşmüşdü. Deməyim odur ki, Azərbaycanda ədəbi-mədəni qurumlar bu istiqamətdə işlər görməlidirlər, əks halda 30 il bir başqa işğalla əlləşəcəyik”.

Bahar Rüstəmli