Nazlı Ağayeva
Heyvanlara, xüsusilə pişiklərə münasibətimi yaxın-uzaq ətrafım yaxşı bilir. Bəzən yalnız onların sayəsində həyata tutunmuşam ki, başıma bir şey gəlsə yetim qalmasınlar.
O günləri bizə atılmış sumqayıt əsilli bir yavrunun təsadüfən yerə düşmüş paltarımın üstündə yatdığını gördüm. "Oyananda götürərəm” deyib ötdüm. Neçə saatdan sonra hələ orda idi. Ertəsi gün paltarı götürüb yaxalamaq istəyəndə yenə orda yatırdı. Həm də sanki əlindən alacaqlarmış kimi paltarı caynaqlarıyla möhkəmcə sıxmışdı. Yatmağa bundan qat-qat rahat yeri varkən bu nəyin çabası idi?
Son vaxtlar yeməyini-suyunu bolluca qoyub evdən gedirdim. İpək ürəkli Sevinc qonşum məndən yaxşı baxırdı ona. Amma bir gün doluxsunub dedi ki, bu heyvan sənin xiffətini çəkir. Maşın səsi gələn kimi özünü qapıya necə atıb, necə peşman qayıdanda görəsən onu. Saatlarla gözlərini qapıya zilləyib yerindən tərpənmir. Daha bundan sonra məni kim saxlaya bilərdi? Boğazım tutulana qədər ağladım. Getdiyim yerlərdə guya mən rahat idimmi? Amma o mən idim, heyvanın əcri nəydi daha?
Zəngin olmayan "qarderobumun” ən önəmli parçasını daha o yerdən götürməyib o qərib pişiyə bağışladım. Və bir gün o həsrət tablosunu çəkmək istəyəndə telefonun ekranında həyatdan çox uzaqlarda ağlamaqdan göz qapaqları qızarıb şişmiş bir qadın gördüm...
*
Telefonla işləyə bilmirəm. Əvvəllər telefonum olmadı. Sonralar həvəsim. Bir dostum mənə internet sifarişiylə gətirilmiş telefon bağışlamışdı. Mən telefonu başqa dostumun oğluna bağışladım. Özü ala bilmirdi o zamanlar. Çox məmnun oldular. Sonra imkanı kifayət qədər genişlənəndə dostum da mənə telefon bağışladı. Amma aşağı sinif səviyyəsində. Olsun, adam dostunun gözündə daim uşaq qalır. Hərçənd telefon böyük işlərə yaramadı, amma böyük imkanın kiçik jesti çox xoşuma gəldi. Ondan sonra telefona yenidən yalnız zəng yeri kimi baxmağa başladım. Bu il kompüterin üstümdəki ağırlığını görüb təkidlə mənə bir orta statik telefon aldırdılar. Artıq bu prosesdən bezmişdim deyə növbəti telefonla tanışlığım gec başladı və o gün pişiyin yerinə özümü çəkməyim o tanışlığın nailiyyətlərindən biridi.
Həmin məsuliyyətli fotoqraflıq anlarıma başım necə qarışdısa, "qadın” yadımdan çıxdı. Ta gecə yarısı vaxt tapıb telefonu əlimə götürənə qədər. Açdım şəkli... O gecəki qərib, kövrək sükunətin içində o nə idi, allahım? Bu dünyanın bütün acılarını daddırdığım adamın gözlərindəki yorğunluq, tənhalıq, həsrət, işgəncə damar-damar ürəyimə işlədi. Kompüter başqa yerdə qalmışdı. Telefonla naşı-naşı internetə girib "Facebook” səhifəmdə qurdalanırdım. O şəkli bir-iki dəqiqəliyə paylaşmaq hardan ağlıma gəldi, bilmədim. Sonra siləcəkdim. Bir qadın auditoriyaya təqdim etmək üçün şəkil çəkəndə-çəkdirəndə ən azından özünə çəki-düzən verərdi. Ən azından deyirəm, çünki heç zaman çoxa iddialı olmadım. Amma o şəkil deyildi ki, yanlış yeri basmaqdı. Amma mən nə zaman doğru yerə basdım ki?
*
Suyun içindəydim sanki. Telefon əlimdə sürüşürdü. O fotodan ömrünü oğurlayıb yaxın-uzaq ətrafa xərclədiyim bir qadın baxırdı. Yeməyib yedizdirdiyim, geyməyib geyindirdiyim, gəzməyib gəzdirdiyim ayların, illərini hesabını kürəyinə yazdığım qadın. Bütün şüurlu ömrü boyu bircə rahat gün görmədən hər kəs üçün çabalayan cəfakeş adam. Doğru bildiklərindən vaz keçmədiyi üçün ən adi həyat şərtlərindən məhrum edilmiş katorqalı. Ən vacib illəri azadlıq meydanlarında, döyüş yerlərində, haqqın yanında, nahaqqın qarşısında keçib adı bir ömür boyu hesab dəftərinin son vərəqinə düşməyən "yorğun demokrat”...
O isə ki sənin də bir həyatın olmalıydı və o həyatı hər vəchlə gözəlləşdirməliydin. O həyatda məhz sənə aid olanları ürəklə danlaya bilməliydin, tənbeh etməliydin. Sənə indiki kimi "bibi”, "xala” deməyəcək o uşaqlar heç nə olmamış kimi bir azdan qaçıb üstünə gəlməliydilər. Daha ərklə dediyin xırda bir sözün "məna çalarları”nı axtarmamalıydılar. Və sən də "allahım, kaş yanlış anlamayaydı” deyə ürəyinin olmayan yağını yeyib qurtarmamalıydın.
Və təbii ən azından çiynini verib səninlə həyatı paylaşmaq üçün özəl bir adam da olmalıydı. Bəlkə o zaman "elin adamı” olmaqdansa, "evin adamı” olacaqdın ki, bu gün bu ehtimal adama bir az daha uyğun kimi gəlir. Və kim bilir, daha nə "olacaq”lar qaldı yaddaşın dumanlı səhifələrində.
Şəkli silmək üçün düymə axtaranda artıq gecikdiyimi duydum. Gecənin bir aləmi peyda olmuş o kədər rəsminə olmazın dəyər verirdilər. Onu sevə-sevə "oxuyurdular”, ağrı-acılarını azaltmağa çalışırdılar. Bir deyil, beş deyil, böyük bir çoxluğun sevgisindən, qiqqətindən kövrəlib qəfildən əmələ gəlmiş o şəklin bütün əskiklərini unutdum. "Kaş ki, saçımı yığmış, əynimdə cızıq-cızıq kofta həyətdəki ağ qızılgülün fonunda dayanmış olaydım” və sairə kimi xəlvət hisslər bir anda heçə döndü. Uzaqlardakı onca, yüzcə sevgi dolu həssas insan o gecə o təbii möhtəşəm varlığı mənə yenidən bağışladı.
– Sən də "bizi” bağışlaya biləcəksənmi, olmayanların içindən göyərən doğma Kədərim?..
Şərhlər