Günay İlqarqızı

Blogger
Yazılar
6
Birə gedən oğluma məktub

Birə gedən oğluma məktub

Körpə balam... 

Çox duyğuluyam. Bunun üçün sənə bir-iki sətir yazmaq istədim. 

Gəl, lap əvvəldən, səninlə ilk tanış olduğumuz gündən başlayaq.

Səninlə bağlı bütün həyəcanım, təlaşım o gündən başladı. 

Səni qucağıma alanda, sən ağlayanda, sən xəstələnəndə, sən yatmayanda...

Hər saniyən üçün həyəcanlandım, təlaşlandım. Hətta gələcəyini düşünəndə daha çox səksəkəyə düşdüm.

İllər keçdi beləcə. Gəldik 6 yaşa çatdıq!

Bu günlərdə isə bir az daha çox həyəcanlı, daha çox təlaşlı, daha çox sevincli, daha da çox qürurluyam...

Körpə balam, elə o vaxtdan bu günlərin xəyalını qurmağa başlamışam.

Böyüdüyünü, belində çanta, əlində gül-çiçək məktəbə getməyini, partada əyləşməyini, əlini qaldırıb dərsə cavab verməyini xəyal etmişəm. 

O gün gəlib çatıb. Bir gün sonra sən artıq məktəbli olacaqsan. Müstəqil həyatın üçün addım atacaqsan. 

Çox qürurluyam...

Bir dəst paltarını, çantanı, dəftər-kitabını qarşıma qoyub beləcə nə qədər vaxt baxdığımı xatırlamıram.

Körpə balam, illərin tez keçdiyinin fərqindəyəm. Səni qucağıma alanda birinci balaca əlinə toxunmuşdum. İndi o əllərdən tutub məktəbə aparacağam. 

Təlaşdan, sevincdən, bir az da narahatlıqdan hər şeyi qatmışam bir-birinə. Bəlkə yüz dənə geyimə baxmışam, yüz dənə gül-çiçək şəkli yaddaşa vermişəm, iki ay çanta axtarmışam.  Bilirəm, bunlar maddi şeylərdi. Amma bu təlaşların özü belə çox gözəldi. 

Bilirəm, sən bunu indi oxuya bilməyəcəksən. Axı sən heç oxumağı bilmirsən. Amma irəlidə sənə yazdığım bu məktubu oxuyanda necə həyəcanlı, sevincli olduğumu görəcəksən.

Körpə balam, böyü, sağlam böyü, ata-anana, ailənə, vətənə layiqli övlad ol. Doğru bildiklərindən vaz keçmə. Ədalət duyğunu, mərhəmətini unutma. 
Bilmirəm, irəlidə hansı peşənin sahibi olacaqsan, amma hansı sənətə sahib olursansa ol, hər zaman dürüst, doğru, ədalətli, sevgi dolu ol. 

Körpə balam, bilmirəm, ömür nə qədər vəfa edəcək. Amma fələk aman verdiyi günə qədər hər zaman yanında olacağam. Hər doğrunda, hər yalnışında əlindən tutacağam, yanında olacağam. 

Arzularım çoxdu, körpə balam.  Birgə yaşamaq, gözəl günlərini görmək atanın, mənim qismətimiz olsun!

Körpə balam, ilkim, birincim! Birincin mübarək! Qədəmlərin uğurlu olsun.

Səni  çox sevən anan!!!

P.S. Bağışla ki, səni məktəbə içində olduğumuz vəziyyətə görə gül-çiçəksiz, təmtəraqsız yola salıram. Ümid edirəm, sənin gülün-çiçəyin savadın, biliyin, nümunəvi davranışın olacaq.

Günay İlqarqızı

OXŞAR XƏBƏRLƏR