"Birgə universitet humanitar sahəni deyil, texnologiya, iqtisadiyyat və turizm ixtisasları üzrə olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamıətində atılan addımları dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə ilə birgə universitetin yaradılması siyasi, iqtisadi, mədəni, tarixi əlaqələrimizə görə labüddür:
"Uzun illərdir ki, bu məsələni təklif edirdik. Hazırda ölkəmizdə Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərir. Eyni zamanda İtaliya ilə də birgə universitet açma təcrübəmiz var. Bundan başqa, Bakı Ali Neft Məktəbinin nəzdində Cənubi Koreya ilə birgə universitet yaradılıb”.
Ekspert qeyd edir ki, belə bir birgə universitet mərkəzdən kənarda fəaliyyət göstərməlidir:
"Məsələ ondadır ki, Türkiyənin hansı universitetilə birgə universitet açacağıq? Məkan baxımından yaxşı olar ki, bu universitet Bakıda yox, bölgələrdə fəaliyyət göstərsin. Humanitar sahə üzrə birgə universitetlərə ehtiyac görmürəm. Birgə universitet ölkəmizdə ehtiyac olan sahə üzrə olmalıdır. Universitet seçimində daha çox texnologiya, iqtisadiyyat, turizm ixtisaslarına önəm verməliyik. Açacağımız birgə universitetlər həmçinin enerji ixtisaslarını özündə ehtiva etməlidir və reytinqli olmalıdır. Azərbaycanda İKT ixtisaslarında ciddi şəkildə zəiflik və boşluqlar var. Bu istiqamət üzrə ölkənin ali təhsil müəssisələri düzgün kadr hazırlığı həyata keçirə bilmir”.
K. Əsədov düşünür ki, ikili universiteti seçərkən Türkiyənin texnologiya üzrə ixtisaslaşmış Yıldız Texniki Universitetini, Qara Dəniz Texniki Universiteti, 9 Eylül Universiteti və Ege Universitetini seçə bilərik: "Həmçinin, ikili universitetdə bütün ixtisaslar üzrə qəbul həyata keçirməməliyik. Lazım olan ixtisasları seçməliyik”.
Rüfət Sultan
Şərhlər