Xəbər lenti

Bitkoin dünyanı fəlakətə aparır? - Haçalanan fikirlər...
Ekonomiks 11:20 09.02.2021

Bitkoin dünyanı fəlakətə aparır? - Haçalanan fikirlər...

Birjalarda müəyyən şirkətlərin səhmlərinin və rəqəmsal valyutanın kəskin bahalaşması dünya bazarında ajiotaja səbəb olub. Xüsusilə də bitkoinin qiymətinin kəskin artımı dünya iqtisadiyyatında yeni tendensiyanın yaranmasına gətirib çıxarıb. Buna baxmayaraq, iqtisadçılar arasında yeni trendlərlə bağlı fikir ayrılığı yaşanır. Kimisi rəqəmsal valyutanı birjalardakı manipulyasiya ilə, kimisi isə iqtisadi qanunauyğunluq kimi qiymətləndirir.

Qaynarinfo xəbər verir ki, sabiq maliyyə naziri Saleh Məmmədov bitkoinun bahalaşmasını qanunauyğun sayanlardandır: 
 

"Tesla” 1,5 milyard dollarlıq rəqəmsal valyuta - kriptovaltuta olan bitkoin aldı və bitkoinin sərbəst tədiyyə vasitəsi kimi istifadə etməyə qərar verdi. Bu qərardan sonra bitkoinin kursu yeni rekord qırmağa başladı. Bu dəqiqələrdə bitkoinin kursu bir ABŞ dolları üçün 47185 dollara çatdı. Müqayisə üçün bildirək ki, 2010-cu ildə bu təmiz elmi-maliyyə mühəndisliyinin məhsulu olan bitkoin bir dollar 1000 Bitkoinə satılırdı. İndi əksinə, bir bitkoin 47185 dollara satılır. Deməli, 2010-cu ildə bu elmi məhsula bir dollar investisiya edən şəxs bu gün 47 milyon 185 min dolların sahibidir, yəni, bu istiqamətdə elmə qoyulan hər dollar min dəfə deyil, 100 min dəfə də deyil, 47185000 dəfə çox gəlir verir. Onu da deyim ki, bitkoin maliyyə mühəndisliyinin sırf elmi məhsuludur, blokçeyn texnologiyalarında hazırlanıb, arxasında heç bir qızıl, brilyant, platin və ya ABŞ, Avropa və ya Yaponiya iqtisadiyyatı durmur. Yalnız yeni elm sahəsi olan maliyyə mühəndisliyi durur, güclü müdafiə sistemi var”.

İqtidadçı ekspert Natiq Cəfərli isə fərqli fikirdədir. Onun sözlərinə görə, rəqəmsal valyutanın bahalaşması dünya iqtisadiyyatında böhrana gətirib çıxardacaq: 

"Elon Mask dünyanı dolamağa, dünya ilə məzələnməyə davam edir, ya da, Elon müəllim dünya iqtisadi sistemini trollayaraq yeni eranın başlanmasına səbəb olmaq istəyir. Çünki belə iqtisadi sistem böhranlara "hamiləlik" yaradır. 
 
 

Dünyada virusla bağlı iqtisadi kollaps yaşanır, bütün ölkələrdə ÜDM azalır, iqtisadi aktivlik zəifləyir, hətta iqtisadi aktivliyi öncədən təsbit etməyə kömək edən sifarişlər indeksi də azalır, amma dünya birjalarında gül-çiçəkdir, bütün birja indeksləri tarixi maksimumlardadı, hər bir aktivin qiyməti qalxır - bu anormallıqdır, bir tək təşviq paketlərinə görə aktivlərin, səhmlərin qiymətini bu qədər şişirtmək olmaz, bu "balonlar" partlayanda dünya yenə böhrana silkələnəcək. 

Elon Mask isə öz məzəli tvitləri ilə birjalara yön verir: Əvvəl bir neçə dostun mırta, zarafatla təsis etdiyi "itcoin"nin (Dogecoin) qiymətini qaldırdı, sonra elan etdi ki, arxasında özü olduğu ehtimal edilən daha bir qlobal "piramida" olan bitcoinə 1,2 mlrd. yatırıb, bununla da qalmadı, elan etdi ki, "Tesla”nın səhmlərini və avtomobillərin özlərini bitcoin-ə satacaq - gün ərzində mənasız spekulyativ aktiv olan bitkoin tarixi maksimum qiymətə - 47 min dollara qalxdı. 

Birjalara belə malipulyativ təsirlə yön vermək çox böyük təhlükədir, bu, növbəti, daha böyük, qlobal böhranlara şərait yaradır. İndi dünyaya havayı pul səpiblər, 15 trilyon dollar bazara pul atıblar, bu vəsait isə nə kiçik sahibkarlara, nə yeni iş yerlərinin yaranmasına yönəlir, getdiyi, axdığı yer birja manipulyasıyasıdır. Ehtimal edirəm ki, bu havayı pul çəkilməyə başlayanda birjalarda çox böyük çökmələr olacaq, 1929-cu ildə baş verən qlobal böhrandan da dəhşətli dalğalanma olacaq. Ən faciəvi məsələ budur ki, bu tip böhranlar böyük müharibələrə gətirib çıxarır. Dünyada da bir normal liderlik institutu, vizion sahibləri yoxdur ki, bu gedişatın qarşısı ala bilsinlər. Dünyada siyasətin keyfiyyəti düşdükcə aferistlərin təsiri güclənir, nəticədə o aferistlər siyasətdə monstrlar "doğurlar". Hitler də əslində böyük biznes yaratmışdı. 

Elon Mask ya sadəcə ağıllı aferistdir, ya da dünyanı ayıtlamağa çalışan dahi xilaskar - bunu yaxın illərdə biləcəyik...”

Orxan Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->