Siyasət 13:00 22.01.2022

Blinken-Lavrov görüşü: Kəskin ifadələr, qərarsız NATO, Konqresə gedən qorxunc sənəd...

"Danışıqlar göstərdi ki, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşü şərh edərkən deyib:

"Hamı gözləyirdi ki, dünənki görüşdə ABŞ Rusiyanın müraciətinə yazılı cavab verəcək. Amma razılaşdılar ki, bu cavabın verilməsindən öncə sonuncu məsləhətləşmələr olacaq. Görüşün əvvəlində mətbuata açıqlanan hissədə tərəflər bir-birinə qarşı diplomatik dildə olsa da, kəskin ifadələr işlətdilər. Eyni zamanda, ABŞ, Böyük Britaniya, Polşa, Baltik ölkələri artıq kütləvi şəkildə Ukraynanı silahlandırmağa başlayıblar. Bu da ondan irəli gəlir ki, Ukraynaya dəstəklə bağlı NATO-da vahid qərar yoxdur. Çünki qurumun bəzi üzvləri, xüsusən də Almaniya ona qarşı çıxır. Blinken də bu səbəbdən Lavrovla görüşdən öncə Berlinə də səfər etmişdi. Belə ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar həm də birbaşa olaraq Avropa Birliyinə, xüsusən də Almaniyaya ciddi təsir edəcək”. 

Həmsöhbətimizin fikrincə, hər şey Vaşinqtonun verəcəyi cavabdan asılı olacaq: 

"Bu görüşdən çox şey gözlənilsə də, göründüyü kimi, bu baş vermədi. Vaşinqton faktiki olaraq minimal da olsa öz təkliflərini səsləndirib. Bu təkliflər yaxın bir il ərzində Ukraynanın NATO-ya qəbul edilməməsi, orada orta mənzilli raketlərin yerləşdirilməməsi məsələsidir. Düşünürəm ki, ABŞ-ın cavabında da bunlar öz əksini tapacaq. Həmçinin, burada Rusiyaya qarşı hədələr də yer alacaq. Artıq bütün Rusiya rəhbərliyinə sanksiyaların nəzərdə tutulduğu qanun layihəsi Konqresə təqdim olunub. Belədə görünən odur ki, bir tərəfdən sanksiyalar tətbiq olunur, o biri tərəfdən də Ukrayna silahlandırılır”. 

Ekspert ABŞ-ın bir həftə sonra verəcəyi cavabdan sonra tərəflər arasında növbəti görüşün olacağını zənn etmir: 

"Bu, sonuncu məsləhətləşmələr idi. Rusiya ABŞ-ın şərtlərini qəbul edəcəksə, onda uzun sürəcək siyasi diplomatik proses başlayacaq. Amma bu prosesin hansı formatda, hansı qaydaların əsas götürülərək keçiriləcəyi isə sual altındadır”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?