Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) beynəlxalq ictimaiyyəti Əfqanıstandakı böhrandan qaçan və başqa ölkələrə sığınan mülki şəxslərə qapılarını açmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Komissarlığın yazılı açıqlamasında qeyd edilib.
Bildirilib ki, bir çox mülki vətəndaş qonşu dövlətlərin Əfqanıstanla bağlı sərhədləri səbəbindən qonşu ölkələrdən sığınacaq ala bilməyib. Sərhədi keçə bilməyən çoxlu sayda əfqanın beynəlxalq müdafiə gözlədiyi vurğulanıb.
"Əfqanıstanda qızların təhsil qadağası və gündəlik məhdudiyyətlər insanların gündəlik həyatına mənfi təsir göstərir və ölkəyə humanitar yardımın çatdırılmasına mane olur”, - açıqlamada yazılıb.
Bəyanatda ölkədəki iqtisadi vəziyyətin getdikcə pisləşdiyi vurğulanıb. Mövcud iqtisadi böhranın minlərlə insanı ölkəni tərk etməyə məcbur edə biləcəyi xəbərdarlığı olunub.
O da vurğulanıb ki, Pakistan, İran və Tacikistan quru sərhədlərini Əfqanıstanla bağladıqları üçün əfqan mülki vətəndaşlar qeyri-qanuni yollarla bu ölkələrə keçməyə çalışırlar.
Həmçinin, İranın avqust ayından bəri ölkəyə sığınan üç minə yaxın əfqan qaçqını geri qaytardığı, Pakistanın isə son üç ayda orta hesabla 1800 qaçqını Əfqanıstana geri göndərdiyi bildirilib.
Qeyd edək ki, "Taliban” ölkənin idarəçiliyini ələ keçirdikdən sonra Əfqanıstana beynəlxalq yardım dayandırılıb.
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və ABŞ Federal Ehtiyat Sistemi də Əfqanıstanın beynəlxalq fondlara çıxışını kəsib.
ABŞ avqustun 17-də Əfqanıstan Mərkəzi Bankının təxminən 10 milyard dollarlıq ehtiyatlarını dondurub.
Əfqanıstanda işsizlik, yoxsulluq və aclıq qorxulu həddə çatıb.
BMT-nin proqnozuna görə, əhalinin yarıdan çoxu olan 22,8 milyon insan qış aylarında Əfqanıstanda ciddi ərzaq çatışmazlığı yaşaya bilər.
Şərhlər