Siyasət 17:45 13.09.2022

BMT TŞ Azərbaycana qarşı hansı addımı ata bilər? (ŞƏRH)

Fransa Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Fransanın ermənilərə görə BMT Təhlükəsilik Şurasına müraciəti Azərbaycan üçün hansı problemləri yarada bilər? 

"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əslində, bu müraciəti ilə Paris bir daha qərəzli və ermənipərəst olduğunu sübuta yetirdi. Ekspertin sözlərinə görə, belə bir ölkənin uzun illər münaqişənin tənzimlənməsində vasitəçi rolunda çıxış etməsi rüsvayçılıqdır:



"BMT TŞ-nin 5 daimi üzvü var. Əgər, bu 5 üzvdən heç biri Fransanın təqdim etdiyi layihənin müzakirəsinə etiraz etməsə, məsələ gündəliyə salına bilər, əgər hər hansı TŞ üzvü buna etiraz edərsə, məsələ ümumiyyətlə, müzakirəyə çıxarılmayacaq”.

Onun sözlərinə görə, məsələ müzakirə edilsə və hətta ədalətsiz qərar çıxaırlsa belə, bu, Azərbaycan üçün elə də ciddi problem yaratmayacaq:

"BMT TŞ Fələstinlə, Azərbaycanla bağlı qərarlar qəbul edib. Həmin qərarlar icra edilməyib. Odur ki, məsələni dramatikləşdirməyə dəyməz”.

Ekspert hesab edir ki, BMT TŞ üzvlərindən yalnız Fransa və ABŞ qərara səs verə bilər:

”Hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədridir. Belə münasibət onu göstərir ki, Bakı Minsk qrupunun vasitəçiliyindən haqlı olaraq imtina edib. Digər tərəfdən, inanmıram ki, Böyük Brtitaniya, Çin Fransanın təklif etdiyi layihəni dəstəkləsin. Adətən, TŞ-də belə məsələrdə birlik nümayiş etdirmək mümkün olmur. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın istər ABŞ, istərsə də Fransa ilə ciddi problemləri mövcuddur. Bu amil Parisin təqdim etdiyi layihənin müzakirəyə çıxarılmasına və qərarların qəbul olunmasına öz təsirini göstərəcək. London və Pekinin də Fransanın oyununa göz yumacağını düşünmürəm. Paris ən yaxşı halda qurumun bəyanat verməsinə nail ola bilər. Belə bəyanatların isə heç bir önəmi olmur. Fransa növbəti səhvini etdi və əslində, sözügedən müraciəti ilə Paris Bakı ilə münasibətlərinə zərbə vurmuş oldu”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə bildirib ki, Fransa BMT TŞ-nın daimi üzvü olduğu üçün onun iclaslarının çağırılmasını tələb edə bilər:



"Fransanın təqdim etdiyi layihə ermənilərin müdafiəsinə yönələcək. Konkret qətnamə lahiyəsi də hansı qərarların qəbul olunmasını istəyirsə, həmin sənədi də iclasın çağırılmasını tələb edən dövlət hazırlayıb və təqdim edir. İndi Fransanın ermənipərəst mövqeyinə malik olduğunu, Parisin daim erməniləri müdafiə etdiyini nəzərə alsaq, çox güman ki, Fransanın təqdim etdiyi layihə də məhz ermənilərin müdafiəsinə yönəlmiş olan layihə olacaq”. 

Qulamhüseyn Əlibəyli həmin layihə barədə ətraflı məlumat verilmədiyini bildirib: 

"Amma mən bu mövzuda başqa cür fikirləşə bilmirəm. Çünki Fransa hər yerdə, hər zaman Ermənistanı müdafiə etməyə çalışır. Konkret olaraq deyib ki, Ermənistan bizim "kiçik bacımızdır". Ona görə də yəqin ki, "kiçik bacı"nın müdafiəsinə yönəlmiş qətnamə lahiyəsi tədim edəcək. Hər halda iclasların gedişində biləcəyik ki, hansı qərarların qəbul olunacaq. Amma hər halda Azərbaycanın xeyirinə hər hansı bir qərar qəbul olunacağını, Fransanın Azərbaycanın xeyrinə müəyyən qərar layihəsi təqdim edəcəyinə istisna edirəm”. 

Qeyd edək ki, Fransa Ermənistanla Azərbaycan arasında yeni toqquşmalara görə BMT-nin Təhlükəsizlik Şurasının iclasını çağırıb. 
 
Tanınmış hüquqşunas Fuad Ağayev də bildirib ki, Fransanın BMT TŞ-nın daimi üzvü kimi belə hüququ var:



"Fransa BMT TŞ-nin daimi üzvüdür, üstəlik bu ay sədrliyi onun nümayəndəsi həyata keçirir. TŞ-nın səlahiyyətləri kifayət qədər genişdir, konkret bu halda düşünürəm ki, o, ümumi siyasi qiymət və tövsiyə verməklə kifayətlənəcək. Yəni, qərar qəbul edilməyəcək”.

Bahar Rüstəmli