Dünya 14:27 10.09.2022

BMT yenidən qurulacaq - Ekspert

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Baş Assambleyanın 77-ci sessiyasında Vaşimqyonun prioritetlərinə dair brifinqdə bəyan edib ki, Vaşinqton təşkilatın Təhlükəsizlik Şurasının islahatını zəruri edir. Onun sözlərinə görə, TŞ üzvlərinin coğrafi təmsilçiliyinin genişləndirilməsi və veto hüququndan istifadə məsələsinə yenidən baxılmalıdır. 

O, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini "ən təmiz formada hökmranlıq cəhdi” və "BMT-nin yaratdığı ən fundamental prinsiplərin sınağı” adlandırıb. Bu kontekstdə də ABŞ-ın qurumdakı daimi nümayəndəsi Vaşinqtonun bu gün "BMT Təhlükəsizlik Şurası üzvlərinin məsuliyyətli davranışının altı prinsipinə” əməl etmək qərarına gəldiyini açıqlayıb. Onların arasında o, BMT-nin digər üzvləri və onun agentlikləri ilə daha aktiv qarşılıqlı əlaqəni və ekstremal hallar istisna olmaqla, vetodan istifadənin rədd edilməsini qeyd edib. 

"Biz Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səyləri artıracağıq. Söhbət veto qoyulması qaydalarının dəyişdirilməsindən gedir, dəyişikliyə əsasən, daimi üzvlər veto səbəbini Baş Assambleyaya izah etməli olacaqlar", deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bildirib.
 


"Təhlükəsizlik Şurası həm də qlobal reallığı daha yaxşı əks etdirməli və coğrafi təmsilçiliyi nəzərə almalıdır. Biz köhnəlmiş status-kvonu saxlamamalıyıq. Eyni zamanda, məsuliyyət naminə güzəştə getmək üçün çevik olmalıyıq", deyə Tomas-Qrinfild əlavə edib. 

Daimi nümayəndə ABŞ prezidenti Co Bayden, dövlət katibi Entoni Blinkenin iştirakı ilə və "Təhlükəsizlik Şurasının və BMT-nin digər qurumlarının islahatı ilə bağlı kritik məsələlərlə bağlı” geniş məsləhətləşmələr keçirəcəyini açıqlayıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ideyası keçən əsrin 90-cı illərindən gündəmdədir. O zamanlar təklif olunurdu ki, daimi üzvlərin sayı 5-dən 9-a qaldırılsın. Bu istiqamətdə əsasən də Yaponiya və Türkiyə daha çox çalışırdı. Lakin həmin dövrdə ABŞ başda olmaqla bütün daimi üzvlər BMT-də islahatlar əleyhinə çıxdılar. İndi isə görünən odur ki, ABŞ yenidən bu məsələyə qayıtmaq istəyir. 
Vaşinqtonun bu məsələdə indi aktivlik nümayiş etdirməsi sözsüz ki, Rusiya, daha doğrusu onun Ukraynaya təcavüzi ilə bağlıdır. ABŞ yaranmış fürsətdən istifadə edərək, yuxarıda qeyd edilən islahatların reallaşması ilə Rusiyanın BMT-dəki rol və nüfuzunu aşağı salmağı düşünür.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən QAFSAM sədri Araz Aslanlı bildirib ki, islahat ideyasının çoxdan gündəmdə olsa da, o vaxtlar ABŞ-ın özü ona qarşı çıxıb:



"Bu ideya çoxdan gündəmdədir. Xüsusən də soyuq müharibənin başa çatmasından sonra gündəmə gəlib. Yanaşma da belə olub ki, BMT-dəki hazırkı forma İkinci Dünya savaşından sonrakı mərhələni əks etdirir. Dünyadakı hazırkı vəziyyət isə daha o zamankı vəziyyət deyil. Belə islahatların olmasına əsasən Yaponiya, Türkiyə, Braziliya və bir qədər də Almaniya çalışıb. Onu da qeyd edim ki, islahat tələblərində olanlar haqlıdır. Onların bu tələbləri BMT-ni dünyanın mövcud reallıqlarına uyğunlaşdırmaq arzusundan qaynaqlanır. ABŞ və digərləri uzun müddət bu sayaq islahatların əleyhinə olub”. 

Həmsöhbətimizə görə, indiki halda ABŞ-ın islahatlara tərəfdar çıxması isə son dövrlər rəqibi olan dövlətlərin dünyada təklənməsindən qaynaqlanır:

"Burada söhbət Rusiya və Çindən gedir. Vaşinqton fikirləşir ki, yeni format yaransa, "veto” hüququnun indiki funksiyası öz əhəmiyyətini itirsə, BMT tərəfindən ABŞ-a qarşı olan dövlətlərə qarşı qərarların qəbulu asanlaşacaq. Bu mənada ABŞ-ın yanaşması heç də dünyada ədaləti bərpa etmək istəyindən qaynaqlanmır, sadacə Vaşinqtonun maraqlarının daha çox reallaşmasına imkan verəcək. Bununla belə təklifin reallaşması dünyada ümumi proseslər baxımından faydalı ola bilərdi”. 

Ekspert qeyd edir ki, islahatlarla BMT bir növ yenidən qurulacaq: "Ancaq 5 daimi üzvün ona razı olacağı məsələsi çətindir. Lakin bu ehtimal da istisna deyil. Ya da ki, BMT Baş Assambleya çərçivəsində köklü islahatlar aparılmalıdır ki, ona qarşı çıxanları kənarlaşdırmaq mükmün olsun. Yəni, BMT rekonstruksiya getməlidir. Bu islahatən nəticəsində BMT bir növ yenidən qurulacaq”. 

Rüfət Sultan