"Bravo” marketdə ekspeditor işləmiş və oğurluq ittihamı ilə həbs edilmiş Ə.Həsənovun oğlu atasını azadlığa buraxdırmaq istəyərkən dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ə.Həsənovun oğluna qarşı dələduzluğu qaynı İ.Babayevin tanışı Dilqəm adlı şəxs edib.
İ.Babayev Ə.Həsənovun həbsi barədə Dilqəmlə danışarkən, o, bu məsələni həll edə biləcəyini bildirib. İ.Babayev bu barədə A.Həsənova məlumat verib. Dilqəm Ə.Həsənovun azadlığa buraxılmasının 50 000 manata başa gələcəyini deyib. Qarşı tərəf bununla razılaşıb və hissə-hissə olmaqla Dilqəmə 50 000 manat pul verib.
Dilqəm həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib və verdiyi vədi yerinə yetirməyib.
Zərərçəkmiş tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Dilqəm saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə Dilqəm 3 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər