Ölkə 15:07 18.03.2021

Britaniya ştammının COVİD-19-dan fərqi nədir?

Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda aparılmış genom analizləri nəticəsində 3 nəfərdə yeni növ Britaniya ştammına tutulma halı müəyyən edilib. 

"Qafqazinfo” "COVID-19”un mutasiyaya uğramış yeni növünün xüsusiyyətlərini araşdırıb. 

Əvvəlcə bildirək ki, Avropa və ABŞ-da aparılan son araşdırmaların nəticələrində qeyd olunurdu ki, martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının xüsusilə "Britaniya ştammı” ön plana çıxacaq.

Belə ki, aşkarlanan yeni yoluxmaların yarısından çoxunun yeni ştammlar olacağı təxmin edilir.

Koronavirusun "Britaniya” ştammı adlanan yeni növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb. Son statistikalara görə, Britaniya ştammı 110-dan çox ölkədə aşkarlanıb. Bir sıra ölkələrdə, məsələn, Estoniya isə bu ştammın yoluxma sayına görə koronavirusun ilkin növünü ötdüyü bildirilib. ABŞ-da statistik hesablamalara görə, ümumi yoluxma hallarının 25-30 faizini virusun bu növü təşkil edir. Alimlər bu ştammın əvvəlki növlərlə müqayisədə 50 faiz daha yoluxucu və 65 faiz daha öldürücü olduğunu müəyyənləşdirib.

Hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran və Türkiyədə də yeni ştammlar aşkarlanıb.

Türkiyədə indiyədək 41 mindən çox insanda koronavirusun Britaniya ştammına yoluxma faktı qeydə alınıb. Son məlumatlara görə, Gürcüstanda 31, İranda isə 62 nəfərdə bu növə yoluxma halı aşkarlanıb.