İdman 13:08 18.03.2018

Bu ölkə Dünya çempionatı üçün 15,8 milyard dollar ayırdı

Mərakeşin sənaye, ticarət və investisiya naziri Mövlay Hafiz əl-Aləmi ölkəsinin 2026-cı ildə küçiriləcək Dünya çempionatının ev sahibi seçiləcəyi təqdirdə büdcədən 15,8 milyard dollar vəsait ayrılacağını açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ayrılan vəsait çempionatın təşkili üçün infrastrukturun gücləndirilməsinə xərclənəcək. 

Mərakeş Dünya çempionatına ev sahibliyi üçün namizədlik sənədlərini çərşənbə günü FIFA-ya təqdim edib.

Aləmi bildirib ki, FIFA-ya təqdim olunan sənəddə ümumilikdə 10 şəhərdə 14 stadionun olduğu və onlardan 6-sının tamamilə hazır vəziyyətdə olması qeyd olunub. 

Xatırladaq ki, Mərakeş daha öncə 1994, 1998, 2006 və 2010-cu illərdə namizədliyini irəli sürsə də, Dünya çempionatına ev sahibliyi etmək hüquq qazana bilməyib. Aləmi öncəki illərdə Mərakeşdə FIFA-nın tələblərinə uyğun stadionlar olmadığına görə təklifin qəbul edilmədiyini söyləyib.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək Dünya çempionatına ev sahibliyi etmək istəyən 13 ölkədən biri iyun ayında Rusiyanın paytaxtı Moskvada baş tutacaq səsvermədə müəyyənləşəcək.
 
Onu da qeyd edək ki, "DÇ-2018"ə Rusiya, "DÇ-2022"yə Qətər ev sahibliyi edəcək.