Xəbər lenti

Bu şəhərdə telefon istifadəsinə
Dünya 21:19 26.09.2025

Bu şəhərdə telefon istifadəsinə "gündə 2 saat" limiti qoyuldu

Yaponiyanın Toyoake şəhərində yerli idarəçilik mobil telefon istifadəsinə dair maraqlı qərar qəbul edib. 

Qaynarinfo xəbər verir ki, təxminən 70 min əhalisi olan şəhərin bələdiyyəsi, xüsusilə gənclərin yuxu rejimini yaxşılaşdırmaq və sosial həyatı dəstəkləmək məqsədilə, smartfonların əyləncə məqsədli istifadəsini simvolik olaraq gündə yalnız iki saatla məhdudlaşdıran qərar yayıb.

"Smartfonların düzgün istifadəsini təşviq etmə qaydası" adı ilə açıqlanan qərarın əsas səbəbi, şəhər sakinlərinin kifayət qədər yuxu ala bilməməsidir. Bələdiyyənin məlumatında, bir çox vətəndaşın Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyinin tövsiyə etdiyi gündəlik 6–8 saatlıq yuxu müddətinə əməl etmədiyi bildirilib. Bu hal, xüsusilə tətil sonrası məktəbə qayıdan şagirdlər üçün gündəlik rejimə uyğunlaşmanı çətinləşdirir.

Qərarda vurğulanır ki, həddindən artıq telefon istifadəsi təkcə yuxu nizamını pozmur, həm də ailə və sosial münasibətlərə mənfi təsir göstərir. İdarəçilik hesab edir ki, əyləncə məqsədli istifadənin gündə 2 saatla məhdudlaşdırılması bu problemlərin azaldılmasına kömək edə bilər.

Bələdiyyə sənədlərində qeyd olunur ki, smartfonlar naviqasiya, məlumat əldə etmə və təcili ünsiyyət kimi bir çox faydalı istifadəyə malikdir. Buna görə də bu qərarın məqsədi ümumi istifadəyə qadağa qoymaq deyil, yalnız əyləncəyə ayrılan vaxtı nizamlamaqdır.

Toyoake bələdiyyəsi sakinlərin mövqelərini öyrənmək üçün sorğu keçirəcəyini açıqlayıb. Bununla yanaşı, yolda gəzərkən telefon istifadəsi kimi digər rəqəmsal problemlərlə mübarizə aparmaq niyyətində olduqlarını da bildirib.

Hazırda bu qərarın hüquqi bağlayıcılığı və ya cərimə tətbiqi yoxdur. Bu da göstərir ki, bələdiyyə ilk mərhələdə əsasən maarifləndirmə və fərqindəliyin artırılmasını hədəfləyir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->