Ölkə 18:17 29.06.2020

“Bu təxribatdır, ölkədə narazılıq yarada bilər ...” – Partiya sədrinə sərt etiraz

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Azərbaycan Respublikasının adında dəyişiklik edilməsi haqda təklifi birmənalı qarşılanmayıb. Belə ki, partiya sədri ölkənin "Azərbaycan Türk Respublikası” adlandırılmasının vacibliyini vurğulayıb və bu müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Sfera.az mövzunun aktuallığını nəzərə alaraq məsələ ilə bağlı siyasətçilərin mövqeyini öyrənib.

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev Azərbaycanda müxtəlif etnik qrupların yaşadığını önə çəkərək təklifin qarşıdurma yarada biləcəyini söyləyib: 

"Azərbaycan bu ölkənin adıdır. Ölkədə yaşayan insanların böyük əksəriyyəti özlərini azərbaycanlı olaraq tanıyır. Ona görə də Sərdar Cəlaloğlunun məlum təklifi ölkə daxilində milli zəmində narazılıq, çaxnaşma yarada bilər. Ümumiyyətlə Azərbaycan Respublikasının adının dəyişdirilməsinin hansı zərurətdən doğduğunu açıqlamaq lazımdır. Hesab edirəm ki, belə bir zərurət yoxdur. Bu gün Azərbaycan dövləti və vətəndaşlarımızın qarşılaşdığı və həll olunması vacib olan daha ciddi, iqtisadi, sosial, sağlamlıqla bağlı problemlər var. Həm iqtidar, həm də müxalifət ilk növbədə məhz həmin problemlərin həlli üzərində düşünməlidir.Təəssüf edirəm ki, bunun əvəzinə biz ölkənin adının dəyişdirilməsi kimi bəsit mövzuları müzakirə edirik”.

Milli Məclisin deputatı Nigar Arpadarai isə ADP sədrinin məlum təklifi haqda xəbərsiz olduğunu söyləyib: "Ona görə də ümumiyyətlə məsələ ilə bağlı hansısa fikir bildirməyim doğru olmazdı. Bilmirəm nə məsələdir, bir qədər araşdırma aparmalıyam”.