Böyük müdafiə sənayesi şirkətləri Qarabağda fəaliyyət göstərəcək - Hərbi ekspert

Böyük müdafiə sənayesi şirkətləri Qarabağda fəaliyyət göstərəcək - Hərbi ekspert

"Dünən Şuşa şəhərində Türkiyə və Azərbaycan Prezidentləri arasında imzalanan "Müttəfiqlik Haqqında Şuşa Bəyannaməsi” hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsini, regional və beynəlxaq strateji məsələrdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsini nəzərdə tutur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert vurğulayıb ki, Bəyannamənin əsas məqsədlərindən biri də hər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə ortaq məxrəcə gəlməsindən ibarətdir:
 


"Türkiyənin çox böyük, nəhəng müdafiə sənayesi şirkətləri mövcuddur."Baykar-Makina” şirkətinin həm baş direktoru, həm də texniki direktoru Prezidentimiz tərəfindən "Qarabağ” ordeni ilə təltif olunub. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə biz həmin şirkətin və digər böyük Türkiyə müdafiə sənayesi şirkətlərinin Qarabağda Azərbaycanla birgə fəaliyyətini görə biləcəyik. Bu barədə artıq kifayət qədər ciddi və konkret hədəflər müəyyənləşdirilib. Ümumilikdə Qafqaz regionda sabit və təhlükəsizliyin möhkəmləndirilməsi üçün geniş imkanlar yaranıb. Daha əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanan 2010-cu il sazişi daha üst bir səviyyəyə çıxarılıb”.

Hərbi ekspert hesab edir ki, bu müqavilə Azərbaycanla Türkiyənin təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəyini də nəzərdə tutur:

"Azərbaycan Prezidenti tərəfindən daha əvvəl səslənəndirilən türk ordu modelinə keçid məsələsi də bəyannamədə əksini tapıb. Bəyannamə Türkiyənin Qarabağda həm hərbi iştirakına, həm də Türkiyə şirkətlərinin Qarabağda geniş təmsil olunmasına münbit şərait yaradır. Çox vacib məqamlardan biri hər iki ölkənin Təhlükəsizlik Şuralarının iclaslarını birgə keçirilməsindən ibarətdir. Xatırladıram ki, hələ bu günə kimi dünyanın heç bir ölkəsi belə bir səviyyədə əməkdaşlıq formatını əldə edə bilməyib. Bu da Azərbaycan və Türkiyəin imza atdığı yeni və ilk format kimi dəyərləndirilməlidir”.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR