Ölkə 14:45 14.10.2021

Polkovnik: “MTN əməkdaşları məndən 315 min dollar aldılar” (YENİLƏNİB)

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik Mirzəli Yusifov dindirilib.

O deyib ki, 2009-2013-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi vəzifəsində çalışıb: "2007-ci ildə MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə çağırıldım. İdarədə mənə saxta ittihamla cinayət işi açacaqlarını bildirdilər və həbs edəcəkləri ilə şantaj olundum. Onlar məndən əvvəl 275 min dollar, daha sonra isə 25 min dollar pul aldılar. Bir qədər sonra isə 15 min dollar pul verməyə məcbur olundum. Ümumilikdə məndən 315 min dollar pul alındı”.

M.Yusifov söyləyib ki, 2013-cü ildə AAHM rəisi vəzifəsindən azad olunandan sonra yenidən Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: "İdarədə məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı nazirliyin əməkdaşları Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edirdi. Onlar məndən 300 min dollar pul tələb etdilər. Həmçinin həmin şəxslər sabiq müdafiə naziri Səfər Əbiyevin əlehinə ifadə verməyimi tələb etdilər. İmtina etdim. Bildirdilər ki, eyni kamerada Səfər Əbiyevlə birgə saxlanılacam, digər kamerada isə general Məmməd Beydullayev və Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov da olacaq. Mən qəti şəkildə bundan imtina etdim. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay müddətinə azadlıqdan məhrum edildim, cəzamı isə çəkib azadlığa çıxdım”.

Növbəti proses oktyabrın 21-də davam etdiriləcək.
 
11:34
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov, digər idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesinə jurnalistlər buraxılmayıb.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərin yaxınları buraxılsa da, jurnalistlərin məhkəməyə daxil olmasına əsas göstərilmədən icazə verilməyib.

Onu da qeyd edək ki, ötən proses təqsirləndirilən Nizami Şirinovun vəkili vəsatət verərək məhkəmənin qapalı keçirilməsini istəmiş, məhkəmə işin məxfi məlumatlarla heç bir bağlılığı olmadığını əsas gətirərək vəsatəti təmin etməmişdi.

İttihama görə, Nizami Şirinov MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq etməsinə görə Dilşad Aslanovdan 80 min dollar rüşvət alıb.

Bundan başqa təqsirləndirilən şəxslər Milli Ordunun ehtiyatda olan polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən isə 150 min dollar vəsaiti hədə-qorxu və şantaj vasitəsilə əldə ediblər.