Cənnətə inananlar niyə ölmək istəmir?..

Cənnətə inananlar niyə ölmək istəmir?..

Hüseynbala Səlimov

Bəlkə də min kərə iradlar eşitmişəm ki, sən necə dindar adamsan, necə Tanrıya və onun göndərdiyi kitablara sayğılı və sadiq adamsan ki, cənnət və cəhənnəm məsələsinə inanmırsan?

Mən də hər dəfə sadəcə, "İnanmıram!” deməklə kifayətlənmirəm, soruşuram ki, cənnət varsa, bəs niyə onda heç biriniz ölmək istəmirsiniz? 
Həmişə də nə cavab verəcəklərini qətiyyən gözləməyib özüm onların əvəzinə cavab vermişəm və yenə də deyirəm ki, indicə səsləndirdiyim sualın prinsipcə, iki cavabı ola bilər. 

Birincisi, ya hamı özünü günahkar bəndə sayır və əmindir ki, günahları heç bir halda ona cənnətə düşməyə imkan verməyəcək. 

Yaxud da ikinci səbəb bu ola bilər ki, heç kim, ən azı öz ürəyində həyatdan sonra daha bir həyatın olacağına inanmır, düşünür ki, cənnət də, lap elə cəhənnəmin özü də bu həyatdadı, ona görə də ölmək istəmir...

Niyə bu günlərdə bunları xatırladım? Bilirsiniz, Şeytan bir an belə mürgüləmir, daim adamı təxribata çəkir. Bu qadağalı-yasaqlı günlərdə də işin tərsliyindən havalar da o qədər gözəl keçir ki, adamı istər-istəməz küçəyə-bayıra səsləyir. Amma əlbəttə ki, Şeytana "lənət” demək və ciddi şəkildə karantin qaydalarına əməl etmək lazımdır, çünki bunlara əməl olunmaması çox böyük fəsadlara yol aça bilər. Ki, bunu Avropanın timsalında gördük...
Üstəlik, belə hallar birinci dəfə deyil ki, baş verir. Yüz illər bundan əvvəl Avropanın böyük şəhərlərini bütünlüklə aparan epidemiyalar olub, bəşəriyyətin çox böyük insanları - zəkaları məhz belə bəlaların qurbanı olublar. 

O gün oxudum ki, sən demə, A.Puşkin Rusiya şəhərlərinin birində karantin yaşayıb, P.Çaykovski isə vəbadan ölüb. Eyni misalları öz böyük insanlarımız haqqında da demək mümkündür. Səhv etmirəmsə, Füzuli taundan, A.Bakıxanov isə vəbadan dünyasını dəyişibdir...

Bilirsinizmi, böyük epidemiyalar, xəstəliklər, dəhşətli bəlalar və fəlakətlər kiminin o biri Dünyaya, kiminin də bu Dünyaya münasibətini dəyişir – kimin üçüncə belə bəlalar zamanı ölümün, başqa birisi üçün isə həyatın dəyəri artır. 

Mən özümü ikincilərə aid edirəm. Yaşa dolduqca həm həyatı, həm də Dünyanı daha yaxşı və daha düzgün qiymətləndirməyə və yaxud da anlamağa başlayıram. İnsan yaşa dolduqca anlamağa başlayır ki, o da bəxti gətirən, unikal şans verilən insanlardan biri olubdur və böyük əksəriyyət sadəcə son məqamlarda anlamağa başlayır ki, bu şansı heç də yetərincə dəyərləndirə bilməyibdir.

Bəli, həyatı anlayanda həyatdan gedir insan! Əgər, səhv etmirəmsə, 70-ci illərin "toy mahnıları”nın birinin misralarından biri məhz elə belə idi... 
Burada, bu sadə, həm də sovet-sosialist məntiqinə görə zahirən çox bayağı görünən sətirlərdə çox böyük bir həqiqət var: çox az, olduqca az adam ta əvvəldən həyatın bir şans olduğunu anlayır və onu "elə yaşamağa çalışır ki, sonradan boş və mənasız keçən günlər üçün peşiman olmasın” (N.Ostrovski). Böyük əksəriyyətsə bunun bir əmanət olduğunun heç fərqində də olmur, məsuliyyətsizcəsinə onu sağa–sola xərcləyir və bir də ayılıb görür ki, artıq son və yaxud da ki, dindarların böyük əksəriyyətinin dediyi kimi, ezamiyyət müddəti bitmək üzrədir və o biri dünyaya hesabat üçün qayıtmağın vaxtıdır...

Bəli, qocaldıqca bu Dünyada hər şey adama bir möcüzə kimi görünür. Mənim, doğrusu, Buddadan, Daodan və digər hind - Çin filosoflarından, peyğəmbərlərindən elə də yaxşı başım çıxmır. Amma bir məsələ tamam şübhəsizdir ki, yaşa dolduqca təbiət adamı özünə çəkir, adam bu təbiətə hopmaq, onun içində həll olmaq istəyir. 

Cavanlıqda belə hiss olmur və ya çox az adamda olur. Bəlkə də mübahisəli görünəcək, amma cavanlıq vaxtı insan daha çox sosial varlıq olur, çox intensiv sosiallaşma dövrünü yaşayır, həyat-karyera məsələləri, sosial status onun düşüncələrini daha çox cəzb edir. 

Amma insan özünün sosial funksiyasını və ya missiyasını yerinə yetirəndən sonra gəldiyi yola – təbiətə daha çox boylanır və ən sonda da  anlamağa başlayır ki, ən böyük missiya elə YAŞAMAĞIN özüdür...

 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR