Cənubi Qafqazda, Gürcüstan ərazisində yerləşən Dmanisis dağında Tunc dövrünə aid nəhəng bir qala aşkar edilib.
Qaynarinfo "Iflscience"
jurnalına istinadən xəbər verir ki, arxeoloqlar bu monumental qədim tikilinin funksiyasını müəyyən etməkdə çətinlik çəkirlər. Bu qala, Avropa ilə Asiya arasında mühüm keçid nöqtəsində yerləşsə də, onun sakinləri və məqsədi haqqında çox az məlumat təqdim edir.
Dmanisis dağındakı bu möhtəşəm qala eramızdan əvvəl II və I minilliklər arasında Cənubi Qafqazda inşa edilən çoxsaylı qala tipli məskənlərdən biridir. 2018-ci ildə burada başlanmış ilkin qazıntılar zamanı yalnız daxili qala divarları aşkar edilmişdi. Lakin sonradan arxeoloqlar xarici qala divarlarının qalıqlarını da üzə çıxararaq, yaşayış yerinin ölçüsünün daha böyük olduğunu müəyyən ediblər.
Dron ilə araşdırma və unikal tapıntılar
Qalanın tam miqyasını müəyyənləşdirmək üçün araşdırma qrupu dronlardan istifadə edərək 11 min fotoşəkil çəkib və onları birləşdirərək qalaya dair tam mənzərə əldə edib.
Araşdırmanın rəhbəri, doktor Nataniyel Erb-Satullo bildirib: "Bu araşdırma göstərdi ki, ərazi əvvəlki təxminlərdən 40 dəfə böyükdür və 1 kilometr uzunluğunda müdafiə divarı ilə qorunan geniş xarici məskəni də əhatə edir".
Mütəxəssislər bildirir ki, daxili və xarici qala divarları bir-birini tamamlayan müdafiə sisteminin hissələri olub. Onlar kobud daşlardan hörülmüş, təxminən 2 metr qalınlığında tikilmiş və bir-biri olmadan tam funksional deyil.
Funksiyası barədə fərziyyələr
Qalanın həm daxili, həm də xarici divarlarının eyni dövrdə tikildiyi ehtimal edilir. Bu, onların vahid və böyük bir məskənin tərkib hissəsi olduğunu göstərir. Araşdırma müəlliflərinin fikrincə, bu məskən Cənubi Qafqazın gec Tunc və Dəmir dövrlərində məlum olan ən böyük yaşayış yerlərindən biri ola bilərdi.
Lakin maraqlı məqam odur ki, geniş xarici məskəndə çox az sayda arxeoloji tapıntı var. Bu, ərazinin ya az insan tərəfindən məskunlaşdırıldığını, ya da inşasından qısa müddət sonra tərk edildiyini göstərir. Hər iki ehtimal qəribə görünür, çünki belə böyük bir tikilinin inşasına böyük əmək sərf edilib.
Alimlər ehtimal edirlər ki, qala mövsümi olaraq istifadə olunub, məsələn, yazda və payızda köçəri maldarlar üçün keçid məntəqəsi kimi xidmət edib. Bu nəzəriyyə, ərazidə daimi və böyük bir əhali olmamasına baxmayaraq, qalaya verilən əhəmiyyətin səbəbini izah edə bilər.
Aydın
Şərhlər