Xəbər lenti

Çexiyada PUA-lara qarşı yeni döyüş maşını təqdim edildi (FOTO)
Foto 20:48 29.05.2025

Çexiyada PUA-lara qarşı yeni döyüş maşını təqdim edildi (FOTO)

Çexiyanın "Tatra Defence Vehicle” (TDV) şirkəti Pandur 8x8 EVO adlı yeni nəsil döyüş maşınını 2025-ci il beynəlxalq müdafiə texnologiyaları sərgisi – IDET-də təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin daxil olduğu CSG müdafiə qrupu məlumat yayıb.

Yeni model Rusiya-Ukrayna müharibəsində əldə olunmuş real döyüş təcrübəsi əsasında hazırlanıb. Maşın ekipajın aktiv və passiv müdafiəsini yüksək səviyyədə təmin edir, müasir elektron sistemlərlə təchiz olunub, güclü mühərrikə malikdir və müxtəlif növ döyüş qüllələri ilə komplektləşdirilə bilir.

Pandur 8x8 EVO-nun əsas üstünlüklərindən biri – hava hücumlarına, xüsusilə də zərbə dronlarına qarşı mübarizə aparmaq bacarığıdır. Yeni zirehli transporter 30 mm-lik avtomatik top və "Iron Fist” aktiv müdafiə sistemi ilə təchiz olunmuş uzaqdan idarə olunan döyüş modulu ilə silahlandırılıb.

Sistemin əsasını elektron skan etmə qabiliyyətli radar təşkil edir. Bu radar infraqırmızı sensorlar və ya radioelektron mübarizə (REM) vasitələri ilə birlikdə işləyə bilir. Təhlükələr döyüş moduluna inteqrasiya edilmiş müdafiə sursatlarını buraxan qurğular vasitəsilə zərərsizləşdirilir.

Pandur 8x8 EVO güclü enerji qurğusuna sahibdir, bu da ona döyüş şəraitində yüksək manevr qabiliyyəti verir. Bundan əlavə, maşın kəşfiyyat və zərbə funksiyalarına malik özünün pilotsuz uçuş aparatı (PUA) ilə də təchiz edilib. Platformanın konstruksiyası onu müxtəlif döyüş vəzifələrinə – hücum əməliyyatlarından tutmuş rabitə, komanda-idarəetmə, mühəndis təminatı və hava hücumundan müdafiəyədək – uyğunlaşdırmağa imkan verir.

İnkişaf etdiricilər Ukraynada aparılan döyüşlərdən mobil və avtonom hərəkətin vacibliyi kimi əsas dərsləri nəzərə alıblar. Silahlanmaya elektron stabilləşdirici ilə təchiz olunmuş 30 mm-lik "Bushmaster II” avtomatik top, qoşa pulemyot və "Spike” tank əleyhinə raket kompleksi daxildir. Optiko-elektron nişangahlar ekipaja hədəfi avtomatik izləməyə imkan verir, yüksək dəqiqlikli kameralar və termal görüntüləyicilər isə istənilən hava şəraitində və gecə vaxtı effektiv fəaliyyəti təmin edir.

Çexiya istehsalı olan zirehli artilleriya sistemləri – DANA M2, DITA və "Tatra” yük maşınları artıq Ukraynada uğurla istifadə olunur və real döyüş şəraitində yüksək səmərəlilik nümayiş etdirir. 2022-ci ildə genişmiqyaslı müharibənin başlamasından bəri Çexiyanın müdafiə sənayesi Ukraynaya ardıcıl dəstək verir – təkcə texnika göndərməklə deyil, həm də onu cəbhə şəraitinə uyğunlaşdırmaqla.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->