Dünya 23:17 26.02.2024

Consonun çağırışı, Putinin ambissiyaları, ABŞ-da baş verən ziddiyətlər - Dünya nə qərar verəcək?

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson növbəti dəfə həyəcan təbili çalıb ki, Putinin prezidentliyi dövründə Rusiyanın NATO üzvü olan ölkələrə hücumu realdır.

"Bəli, Putin hücum edə bilər. Hesab edirəm ki, bunu istisna etmək olmaz. Məsələn, onun dəhşətli müsahibəsində Polşa haqqında danışması xoşuma gəlmədi. Və düşünürəm ki, o, belə bir şey etməyə cəhd edə bilər", deyə Boris Conson bildirib.
 
Onun sözlərinə görə, Putin Ukraynada qalib gəlsə, Rusiyanın NATO ölkələrinə hücum şansı artacaq. 

Qeyd edək ki, Conson Rusiyaya qarşı daha sərt tədbirlərin tərəfdarı olan bir siyasətçidir. Ümumiyyətlə, Böyük Britaniyada Ukraynaya dəstək məsələsində ABŞ və Avropa İttifaqı ölkələrində olduğu kimi ciddi fikir ayrılıqları yoxdur. Boris Consonun Putinin Ukraynadan sonra, NATO ölkələrinə hücum edə bilər xəbərdarlığı başa düşüləndir. Belə ki, Putinin Ukraynada qalib gəlməsi birmənalı olaraq onun ambissiyalarını artıracaq. Kreml ondan sonra diqqətini digər postsovet məkanı ölkələri və hazırda NATO üzvü olan Şərqi Avropaya yönəldəcək.
 
Yəni, Rusiya tək Ukrayna ilə kifayətlənən deyil. Amma bununla yanaşı, onun NATO ölkələrinə hücumu indiki halda real görünmür. Rusiya ordusu iki ildir Ukraynada müharibə aparsa da, müəyyən kiçik irəliləyişlər istisna olmaqla real nəticələrə nail ola bilməyib. Qərbin dəstəyilə Kiyev Kremlə ciddi müqavimət göstərməkdə davam edir. Belə bir vəziyyətdə, hətta Putin Ukraynada qalib gəlsə də (amma o da real görünmür), onun NATO-ya hücum edəcəyi ilk növbədə özünün məhv olmasına gətirib çıxaracaq. 

Ukrayna kimi zəif dövlətə qalib gəlməkdə çətinlik çəkən bir ölkənin NATO kimi nəhənglə üz-üzə gəlməsi elə onun özünün məhv olması demək olacaq. Putin buna gedərsə, birmənalı olaraq ölkəsini məhv edəcək. Bunu yəqin ki, Moskvada oturanlar da gözəl anlayır. Belə olan halda, Boris Consonun sözügedən açıqlaması aydındır ki, əslində Ukraynaya dəstək verməkdə tərəddüd edən, onu ləngidən, bu amildən özlərinin siyasi ambisiyaları üçün istifadə etməyə Qərbin çalışan siyasi elitaya qarşı yönəlib. 

Boris Conson belə bira açıqlama ilə sadəcə olaraq, onları Ukraynaya dəstək məsələsində tərəddüd etməyin nələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edir. Düzdür, Putinin NATO-ya hücum edəcəyini də tam istisna etmək olmaz. Lakin bütün hallarda Boris Consonun açıqlaması Ukraynaya yardımın tezləşdirilməsinə, bu istiqamətdə Qərbdə, xüsusən də ABŞ-da mövcud olan ziddiyyətlərin aradan qaldırılmasına hesablanmış bir açıqlamadır. 

Rüfət Sultan