Dünya 11:30 05.06.2020

Corc Floydun qatillərinə azı 100 il həbs cəzası istənildi

ABŞ-da polis zorakılığından sonra ölən qaradərili Corc Floydun cinayət işi üzrə istintaq yekunlaşıb və ittihamnamə hazırlanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl Floydun ölümünə səbəb olduğu üçün saxlanılan polis məmuru Derek Çauvin barədə ittiham üçüncü dərəcə cinayətdən ikinci dərəcəyə yüksəldilib. Bundan başqa cinayət işinə ehtiyatsızlıqdan adam öldürmə maddəsi də əlavə edilərək, ayrıca üçüncü dərəcədən cinayət ittihamı da qaldırılıb.

Görüntülər ortaya çıxdıqdan sonra saxlanılan digər 3 polis məmuru Tomas Leyn, Aleksander Kuenq və Tou Zao barəsində də ittihamlar bəlli olub. Beləliklə, onlar ikinci dərəcə cinayətdən adam öldürməyə yardım və təhriketmədə ittiham olunublar.

Qeyd edək ki, ABŞ-da ikinci dərəcədən cinayət və bu cinayətə yardım və təhriketməyə görə 40 il həbs cəzası verilə bilər.

Üçüncü dərəcədən cinayətin cəzası 25 ilə qədər, ehtiyatsızlıqdan adam öldürmə ya da yardım və təhriketmə cəzası isə maksimum 10 ildir.
 
Camal