COVİD-19-a yoluxan baş rejissor: “İnanın, bu virus məmurlardan da qorxuludur...”

COVİD-19-a yoluxan baş rejissor: “İnanın, bu virus məmurlardan da qorxuludur...”

"Düz bir aydır xəstəxanadan çıxmışam, hələ də sağlamlığımı tam bərpa edə bilməmişəm".

Bunu Qaynarinfo-ya açıqlamasında koronavurusa yoluxub sağalan İrəvan Dövlət Azərbaycan Dram Teatrının Baş rejissoru Sərvər Əliyev əhalinin karantin qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadəsinin zəruriliyi, qaydaların ayrı-ayrı vətəndaşlar tərəfindən pozulması hallarının və bunun yolverilməz olmasından danışarkən deyib. Baş rejissor təəssüf hissi ilə xalqın bir çox nümayəndələrinin inamsızlıq sindromuna tutulmasını qeyd edib:



"Koronavirusa yoluxanların sayının və ölum hallarının çoxalması bu inamsızlığın və məsuliyyətsizliyin nəticəsidir. Mən xəstəxanada müalicə aldığım vaxtlarda mənə zəng edən bu xəstəliyə inanmayan tanışlarımın əksəriyyəti bu virusa yoluxdular, zəng edib məndən məsləhət almağa başladılar. Necə ki indiki tamaşaçı biz rejissorlardan səhnədə baş verən hadisələrin real olduğunu onlara göstərməyimizi tələb edir, cəmiyyətimizdə olan bəzi insanlar da koronavirusu real görmək arzusundadırlar. Nə edək? Necə edək ki, insanlar bu bəlanın olmasına inansınlar? İnanın, çox düşünürəm bu barədə. Axı səbəb nədir bu inamsızlığa? Məncə, səbəb ictimai inamsızlıqlardır. Seçkidə saxtakarlıq edən müəllimlərimiz, seçki marafonunda söz verib seçicisini unudan deputatlarımız, balasının canına and içə-içə rüşvət alan məmurlarımız, məhkəmələrdə pul gücünə qərar verən hakimlərimiz və sair... Bunları yaşayan xalqı inamsızlıqdan qurtarmaq da çətindir. Amma dəyərli xalqımız anlamalıdırlar ki, bu koronavirus cəmiyyətimizdə yuxarıda qeyd etdiyim "bəla"lardan daha qorxuludur. Bizim xalq həmrəy olmağı bacaran xalqdır. Həmrəy olub bu bəladan özümüzü, xalqımızı qorumalıyıq. Bunun üçün bizdən tələb olunanı etmək vacibdir: maska taxmaq, sosial məsafəni gözləmək və antivirus məhlulardan istifadə etmək lazımdır. Axı biz təkcə özümüzü yox, cəmiyyətimizi də qorumalıyıq. Bu məsələyə milli məsələ kimi yanaşmaq lazımdır, mənim əzizlərim. Düz bir aydır xəstəxanadan çıxmışam, hələ də sağlamlığımı tam bərpa edə bilməmişəm. Çox çətindir o xəstəliyi yaşayanlara. Siz də onlardan biri olmayın. Atın bu inamsızlığın daşını. Maska tax, sosial məsafə saxla, xalqını qoru. Allah köməyimiz olsun".

Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, mövcud vəziyyətdə maskalardan istifadə etmək zəruridir: 



"Amma buna görə cərimə tətbiq etmək çıxış yolu deyil. Maskadan istifadə etməyənləri mağazalara, apteklərə, ictimai nəqliyyata buraxmasalar, onlar üçün bu, ən çətin cəza olacaq. Cərimə tətbiq edilmək isə insanların psixologiyasına və maddi vəziyyətinə ciddi şəkildə təsir göstərir. Təsir əks təsirə bərabərdir. İnananlar bir çox hallarda bunu qəbul etmirlər. İctimai qınaq obyektinə çevrilməklə nəyəsə nail olmaq mümkündür. Amma bu zaman şəxsi toxunulmazlıq hüququnu nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, polis əməkdaşları qaydalara riayət etməyənləri mətbuata çıxarır ki, bu da onların hüququnun pozulmasıdır. Belə mübarizə metodu olmaz".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə isə karantin qaydalarının pozulması insanların ilk öncə öz davranışlarının ortaya qoyulmasıdır: 



"Karantin qaydaları vətəndaşın sağlamlığı üçün nəzərdə tutulur. Əgər onlar sağlamlığını düşünmürsə, demək, onlar ətrafını da düşünmürlər. Buradan isə çıxan nəticə budur: onlar üçün digər insanları virusa yoluxdurmaq adi hala çevrilə bilər. Məncə, qaydaları tətbiq edib və buna əməl etməyənlər özləri bu xəstəliyin aratmasına şərait yaradırlar. Necə aydır biz karantin qaydalarına əməl etməklə burdakı uşaqları və əməkdaşları qoruduq. Onları qorumaqla isə ətrafı da qoruduq. Sadəcə, insanların məsuliyyətsizliyi var və o bu prosesdə daha da gözə çarpır".

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR