Sağlamlıq 23:53 09.10.2021

"Üçüncü doza peyvənd bu səbəbdən vurulmalıdır" - Həkim izah edir

Üçüncü doza vaksin fərqli bir şey deyil, peyvəndin qoruyuculuq müddətinin uzadılması məqsədi daşıyır. Yaş artdıqca, risk də artır. Ona görə yuxarı yaşlı insanların üçüncü doza vaksin olunması tövsiyə edilir. İkinci dozadan 6 ay keçdikdən sonra üçüncü dozanı vurdurmaq olar.

Qaynarinfo xəbər verir ki, bunu Teleqraf.com-a həkim-infeksionist Vüqar Cavadzadə üçüncü doza peyvəndləmə haqqında danışarkən deyib.

O bildirib ki, üçüncü doza peyvənd daha çox 50 yaşdan yuxarı şəxslərə məsləhət görülür:

"İşi ilə bağlı tez-tez insanlarla kontaktda olan şəxslərə üçüncü doza vaksin vurulmalıdır. Həmçinin, yoluxarsa xəstəliyi ağır keçirən şəxslər, yanaşı xəstəliyi olanlar da üçüncü doza peyvənd olunmalıdırlar. İlk iki doza vaksin olunan şəxslərdə 6-8 ay sonra vaksinin qoruyuculuğu azalır, immunitet zəifləməyə başlayır. Məhz bu səbəblə onu gücləndirmək məqsədilə buster adlanan üçüncü gücləndirici doza vaksin vurulur”.

Mütəxəssis bildirib ki, ilk iki vaksin dozasını sinovak vurduran şəxslərin üçüncü dozanı pifizer vurdurması məsləhətdir: "Bunun ciddi narahatlığı müşahidə olunmayıb. Üçüncü doza peyvənd olunmuş şəxslərdə bəzi araşdırmalar göstərir ki, 19 dəfəyə qədər ağır xəstəlik keçirmə riski azalıb”.