Siyasət 17:23 21.02.2020

MSK Aygün Muradxanlının müraciəti ilə bağlı qərar qəbul etdi (YENİLƏNİB)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızının (Aygün Muradxanlı) müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, namizəd A.Süleymanlı müraciətində sözügedən dairədə səsvermə günü seçki pozuntularının qeydə alındığını iddia edib və dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.

Komissiya həmin müraciətlə əlaqədar olaraq araşdırmalar aparıb.

Qeyd olunub ki, araşdırma zamanı müraciətdə qeyd olunan hallar öz əksini tapmayıb.

İclasda 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Aygün Muradxanlının müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 28 saylı Sabunçu üçüncü seçki dairəsinin lider namizədi Eldar Quliyevdir.

16.51

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizəd Məmmədov Əbil Abbas oğlunun müraciətinə baxılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciətdə həmin dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub: "Ona görə də müraciət əsasında araşdırmalar aparılıb. Komissiya bu müraciət üzrə hərtərəfli və geniş araşdırmalar aparıb”.

İclasda qeyd olunub ki, 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri 91 saylı Ucar Seçki Dairəsi tərəfindən ləğv edilib.

Komissiya həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla da DSK-nın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu dairənin lider namizədi Həsən Ramil Sahib oğludur.