Deputat:

Deputat: "Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq"

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. Ermənistan vətəndaşları da sosial şəbəkələrdəki paylaşımlarında ölkədə müxtəlif məhsulların qiymətinin şiddətlə artmasından şikayət edirlər. Deyilənə görə, cəbhəyə pul göndərməklə öz reputasiyasını qaldırmaq istəyən iş adamları, ayrı-ayrı şirkətlər, iri biznes şəbəkələri sonradan məhsullarının qiymətini qaldırmaqla öz zərərlərini kompensasiya etməyə çalışırlar. Xüsusən qida məhsulları, dərman preparatları və geyimlərin qiymətlərində sürətli artım müşahidə olunur.

Milli Məclisin deputatı Rüfət Quliyev "Report”a verdiyi açıqlamasında düşmən ölkədəki belə acınacaqlı vəziyyətin iqtisadi əsaslarını sadalayıb:

"Ermənistanın milli iqtisadiyyatı yoxdur. Hər bir ölkədə milli iqtisadiyyat mövcuddur. Milli iqtisadiyyat odur ki, bir ölkənin sərvətlərinin, aktivlərinin, infrastrukturunun sahibkarı xalq olsun. Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti 60%-dir. İqtisadiyyat yox səviyyəsindədir. İqtisadiyyatda infrastruktur rus oliqarxlarına məxsusdur. Poçt, energetika və digər sahələrdə fəaliyyət borc hesabına formalaşdırılıb və daha çox rus oliqarxlarınındır.

İki ölkə arasında aparılan müharibədə həmişə iqtisadiyyatı zəif olan tərəf məğlub olur. BMT-nin təqdim etdiyi statistik rəqəmlərdə Ermənistanın iqtisadiyyatının əməlli-başlı çökdüyü açıq-aşkar görünür. İqtisadiyyatı çökən və silah-sursatı, döyüşməyə canlı qüvvəsi olmayan bir ölkə müharibə aparanda onun iqtisadi vəziyyəti daha da bərbad vəziyyətə düşür”.

Deputat Ermənistanda milli valyutanın da kifayət qədər ucuzlaşmasını nəzərə çatdırıb:

"Azərbaycanda həm müharibədən öncə, həm də müharibə dövründə milli valyutanun məzənnəsi eyni qalıb. Ermənistanda inflyasiya artımı ilə paralel milli valyuta külli miqdarda ucuzlaşıb. Bunlar hamısı birlikdə sinergetik effekt verir. İnflyasiya artığı zaman ölkədə işsizlik yaranır. Ermənistanın qızıl-valyuta ehtiyatları bizdə olandan 25 dəfə azdır. İqtisadiyyatı zəif olan ölkə müharibəyə girirsə, onun vəziyyəti daha da acınacaqlı olmalı və əhalisinin narazılığı artmalıdır. Ona görə də Ermənistan əhalisi narazıdır, qorxur və müharibə aparmaq istəmir. Düşünürəm ki, bu ölkədə bədbəxtlik hələ bundan sonra başlayacaq”.

"Ermənilərin separatçı maraqlarına xidmət edən "Krunk” təşkilatına dünyanın bir çox ölkəsindən pul köçürülür. Son 30 ildə həmin cəmiyyətin balansına bəlkə də 60-70 milyard ABŞ dolları məbləğində vəsait köçürülüb. Müxtəlif illərdə Ermənistana rəhbərlik etmiş şəxslər həmin pulları çapıb-talayıblar. İndi də Paşinyan həmin pula sahib çıxmaq istəyir. Ermənistan həmin vəsaitlərin cavabını verməli olacaq. Həmin vəsaitlərlə nə silah aldılar, nə də Qarabağda tikinti işləri apardılar. Bəs bu pullar hara getdi?

Bütün bu sadalanan hallar düşmən ölkədə kəskin korrupsiyaya və iqtsadiyyatın zəifləməsinə yol açıb. O cümlədən, Türkiyə ilə Azərbaycanın blokunda qalması, heç bir beynəlxaql iqtisadi əməliyyat apara bilməməsi və Rusiyadan asılı vəziyyətdə olması Ermənistan iqtisadiyyatını acınacaqlı duruma düşürüb. Təxminən bir aydan sonra bu ölkədə vəziyyət daha da pis olacaq”, - deyə Rüfət Quliyev əlavə edib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR