Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Yerin dərin qatlarında yerləşmiş neft-qaz yığımları haqqında yeni məlumatların əldə edilməsi üçün tədqiqatlar aparır.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, hələlik Yerin daha dərin qatlarında, dərin çöküntülərlə əlaqədar olan neft-qaz yataqları haqqında tam məlumatlar yoxdur. Buna görə də bu istiqamətdə yeni məlumatların əldə edilməsinə ehtiyac var: "İndiki quyular 5-6 km-dək qazılıb və yataqlar açılaraq istifadə edilib. Texnika da imkan verməyib ki, daha dərin quyular qazılsın. Eyni zamanda, bununla bağlı məlumatlar da yoxdur. Ona görə də palçıq vulkanı püskürdükdə Yerin 7-9 km-liyindən tulladığı neftli süxurların tərkibini, yaşını, hansı dərinikdə olmasını öyrənirik və neft-qaz yığımlarının olması barədə neftçi-geoloqlara məlumat veririk".
A.Əliyev bildirib ki, palçıq vulkanların tədqiqi gələcək üçün perspektvili neft-qaz sahələrinin müəyyən edilməsi baxımından çox əhəmiyyətlidir: "Vulkanların püskürməsi elmi tədqiqatların aparılması üçün çox əhəmiyyətlidir. Çünki hər bir püskürmə nəticəsində yeni elmi məlumatlar əldə edilir. Püskürən vulkanlar gələcəkdə istifadə edilə bilməsi üçün harada pespektivli sahələrin olduğunu müəyyən etməyə imkan verir. Bu baxımdan palçıq vulkanları yeganə obyektdir ki, dərində yatan neft-qaz yataqları haqqında məlumat verir. Digər tərəfdən, tullantıların arasında yanar şistlər də var. Yanar şistlər də çox böyük maraq doğurur, ona görə ki, yanar şistlərin neft-qaz əmələ gətirmək qabiliyyəti var".
Hazırda tədqiqatların davam etdiyini deyən A.Əliyev hesab edir ki, analizlər nəticəsində neft-qaz yığımları haqqında yeni məlumatlar əldə edə biləcəklər.
Şərhlər