Xəbər lenti

Gülşən Mehdiyeva
Ölkə 11:51 25.10.2017

"İngilis bağı"nda iki canlı heykəl...

Gülşən Mehdiyeva

Yağış tərəfindən tozu yuyulmuş ağacların daha yaşıl və parlaq göründüyü, pişiklərin nəm səkidə addım səslərinin eşidildiyi, insanlardan ətir əvəzinə mandarin iyi gəldiyi bir dövrdə təxminən 15 il əvvələ qayıtdım. 

"İngilis bağı"nın aşağı hissələrində yerləşən oturacaqlarda yarpaqsız, quru və nisbətən təmiz yer tapıb oturdum və telefonla "qurdalana-qurdalana” görüş təyin etdiyim dostumu gözləməyə başladım. Parka daxil olan zaman ani olaraq diqqətimi çəkən, amma əhəmiyyət vermədiyim, məndən iki pilləkən və iki fontan uzaqlıqdakı oturacaqda oturan, bir-birinə kip yapışmış iki nəfər elə bil ki, heykəl funksiyasını yerinə yetirmək iddiasında idilər və yenidən diqqətimə səbəb oldular. Başımı tez-tez telefondan qaldırır, gözlərini mənə zilləyən "heykəllər”in oturduğu istiqamətə baxırdım. Daha sonra həmin şəxslərin bir-birinə yapışmış vəziyyətdə, kiçik addımlarla oturduğum istiqamətə yaxınlaşdıqlarını gördüm. Bundan sonra diqqətimi hər telefondan çəkəndə onları daha yaxında görür və mənə yaxınlaşıb-yaxınlaşmadıqlarına əmin olmaq istəyir, hətta ümid edirdim. Amma gəlib qarşımda dayandılar, ələ-ələ tutmuş, boy fərqləri çox az olan qadın və yeniyetmə qız. Qeyri-ənənəvi görünüşə sahib bu insanlar məndə narahatlıq yaratmağa başlamışdı ki, dostum gəlib çıxdı və elə həmin anda qadın:

- Şəklimizi çəkə bilərsiniz?
- Mən?
- Həə. Orada, fontanın yanında (barmağı ilə göstərir).

Razılıq verdim və "Ana heykəl” olduğunu təxmin etdiyim şəxs gözləmədiyim halda əlindəki paketdən fotoaparat çıxarıb mənə verdi. İndi şəkillər adətən telefonla çəkildiyi üçün təəccübləndim. Onlarla birlikdə daha yaxın fontanın yanına gedib öhdəmə götürdüyüm işi tezliklə yekunlaşdırmaq ümidilə "Burada?” soruşdum və "Yox, oradakının yanında” eşitdim. Daha böyük və dəbdəbəli görünən fontanın qarşısında mənə verilən və şəkil çəkmək üçün nəzərdə tutulduğuna əmin olmağa çalışdığım əşyanı qadından təhvil alan zaman mənə qəribə gələn və anlamaqda çətinlik çəkdiyim situasiyanı dərk eləməyə başladım. 

Təxminən 15 il əvvəl atam bacıma ad günündə qara rəngli, kiçik "wizen" fotoaparatı almışdı. Hansı ki, torlu, gözləri qırmızı görünən insanların şəklini çəkmək üçün nəzərdə tutulmuşdu, amma istifadə edildiyi müddət ərzində bir şəkil belə istehsal edə bilmədi, ya da biz imkan vermədik. Həvəslə kodak lentini fotoaparata yerləşdirir, hər şeyin şəklini çəkir, lent yuyulmamış onu çıxarır və işığa məruz qoyurduq. Deyilənə görə, lent işıqlı yerdə açılanda şəkillər yanırdı. Biz isə bu fikirlərə məhəl qoymadan çəkdiklərimizi orada görmək ümidilə lenti açır, sonra təkrar yerinə yerləşdirir və bu prosesi təkrarlayırdıq. Bir müddət sonra yeni lent alırdıq, amma eyni ssenari həmişəki kimi təkrarlanırdı. O lentlərdə uşaqlığımız, doğum günləri və unutduğumuz, xatirə kimi yaddaşımızda qala biləcək hadisələr yanıb külə çevrilib. 

Qadın istifadə qaydasını çoxdan unutduğum "şəkilçəkən”dən necə istifadə edəcəyimi göstərdi. Hazırda telefonla çox sayda şəkil çəkilir və onlardan ən yaxşısı seçilərək saxlanılır, ya da sosial şəbəkələrdə paylaşılır. 15 il əvvəlin qaydası isə tamam başqa idi və bu fərqi fikirləşib soruşdum:

- Ancaq 1 dənə şəkil çəkim?
- Hə, 1 dənə (barmağı ilə göstərir).

Əlindəki paketi fontanın kənarına qoyan qadın qızın yanında əvvəlki kimi kip dayanır və əlindən tutur. Deyildiyi kimi, cəmi bir şəkil çəkdim. Aydın görünən fontanın qırağında paket və qarşısında bir-birini qucaqlayırmış təəssüratı yaradan, amma əl-ələ tutmuş iki nəfər. Şəklin necə alınıb-alınmamasına baxmaq istədim, bunun mümkünlüyünə tərəddüd eləyib, heç nə etmədim və soruşmadan "şəkilçəkən”i sahibinə qaytardım.

Vəzifəm bitəndən sonra bu şəxslərin məndə əvvəlcə niyə narahatlıq və tərəddüd yaratdıqlarını başa düşdüm. Səbəb qeyri-reallıq idi. Nimdaş və solğun rəngli geyimləri olan, pencəkləri çiyinlərindən az qala sürüşüb düşəcək qədər geniş, paltarlarının qolları əllərini örtəcək qədər uzun olan bu iki nəfər sakit səsləri, sifətlərindəki mülayim təbəssüm və şəkil çəkdirməyə göstərdikləri sadəlövh həvəsləri ilə dövrə tamamilə yad və qeyri-real idilər. 
Yerimdə dayanıb onların məişətlərini, həyat tərzlərini, dünyagörüşlərini təxmin eləməyə çalışmaqla məşğul idim, onlar isə əvvəlki qaydada bir-birinə yapışaraq məndən uzaqlaşır, yağışdan islanmış nəm yerdə addım səsləri eşidilir və bu səs tez-tez fikirdən qısa müddətlik ayılmağıma səbəb olur, hər dəfə daha uzaqdan gəlirdi..

Ümid edirəm ki, şəkli fotoaparatdan sağlam şəkildə çıxartdıra biləcəklər.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->