Gülşən Mehdiyeva
Bədənimi
çevirmək istəyəndə boynum vaxtından əvvəl və sürətlə tərpəndi. Kəskin ağrı hiss
edərək hərəkət prosesini dayandırdım və boynumun burxulmağına mane oldum. Ağrı
keçəndə ətrafımda böyük bir çevrə və 2 nəfəri gördüm, anam və bacım. Hər üçümüz
bu çevrə ilə əhatələnmişdik. Anam əlində süpürgə həyəti süpürməyə başlamaq niyyətində
idi. Bacım ona mane olacaq şəkildə ətrafında dövr edir, tullanır, uşaqlara məxsus
şəkildə əylənirdi.
Dəqiq xatırlamıram, amma yaşım 5-dən az idi, 3, bəlkə də 4.
O anda donub qalmışdım, işləyən ancaq beynim idi. Öz-özümə dedim:
- Mən yaşayıram, mən həyatdayam, bu şəxslər mənim anam və bacımdır.
Bu
vaxta qədər yaşadığımı dərk edir, lakin ötən 3-4 ili xatırlamırdım. Sanki bu
illər kitabın ilk səhifələri idi, var idilər, kitabın tərkib hissəsi idilər,
amma ora ya tamamilə boş, ya da çox az informasiya ilə dolu idi. "Mən
yaşayıram” deyəndə, əsas hekayə başlamışdı elə bil. Dünyadakı müstəqil fiziki
mövcudluğumun başlanğıcı dekabr ayıdır, amma varlığımı dərk elədiyim o dəqiqə
isti və tozlu yay gününə təsadüf edirdi. Anamın su səpmədən həyəti süpürməsi və
hər yeri toz etməsi, digər tərəfdən yandıran günəş. Burnumu, dodağımı, əllərimi,
nəfəsimi, yaşamaq eşqimi qurudan ən sevmədiyim cütlük: toz və günəş.
Amma
səma tozsuz, tünd mavi rəngdə idi və ağappaq buludlarla dolu idi. Günəş işığı
buludların üstünə düşürdü, onları yerə daha yaxın və cazibədar göstərirdi. Əhatələndiyimiz
çevrəni tərk etdim, həyətdəki tikilinin yanındakı pilləkənlərlə yuxarı qalxdım.
Bacım və anamın "Hara çıxırsan?! Düş aşağı, yıxılarsan” sözlərinə məhəl
qoymadan qonşunun bir az daha hündür evinin üstünə birtəhər qalxdım.
Yıxılmayacağıma əmin yerdə dayanıb barmaqlarımın üstünə qalxdım, əvvəlcə sağ,
daha sonra isə sol əlimi yuxarı qaldırdım. Boğazımı yuxarı dartaraq daha yüksəyə
qalxacağıma ümid etdim, amma tez əvvəlki vəziyyətimə qayıdıb aşağı boylanıb, anamdan niyə əlimin göyə çatmadığını soruşmaq istədim. Dayandım, bunun
mümkünsüzlüyünü başa düşdüm.
Həyatımın
xatırladığım ilk anlarından biri də 5 yaşım tamam olan gündür. Səhər saat 7-də
oyanıb paltarlarımı heç kimin köməyi olmadan geyinib soyuducuya doğru qaçmış,
soyuq və buludlu qış günündə soyuducunun
qapısını açan zaman gələn sərinliyi daha yaxşı hiss eləmişdim. Ad günü tortumu
tapıb bu günə qədər tərgitmədiyim hərəkəti etmişdim: Tortun qırağındakı soyuq kremdən
barmağımla götürüb ağzıma qoymuşdum. O anda səma və bulud rəngindəki diş məcununun
yaratdığı sərinliyə bənzər hissi bütün varlığımda hiss etdim. Bütün gün
daxilimdə xoş sərinlik, sifətimdə müsbət reaksiya görəcəyimə ümid edən təbəssümlə
hamıya "Bu gün mənim 5 yaşım tamam olur!” demişdim.
Ötən
bazar günü hava günəşli, səma topa buludlarla dolu idi. Avtobusda yer tapıb
oturdum. Telefonda "John Mayer”in "Gravity” mahnısına qulaq asa-asa həmişəki
heyranlıqla buludlara baxmağa başladım. Uzun müddət idi göyə belə diqqət və
emosiyalarla baxa bilməmişdim. Topa-topa düzülmüş, qalın və yumşaq görünüşlü
idilər. Bəzi hissələri sərin şəlaləni xatırladır, dayanmadan axır, bəzi yerləri
buzlaqa oxşayır, aktiv həyatına davam etmək üçün Günəş işığının yolunu gözləyirdi.
Sanki üstündə ayrı dünya var, kimlərsə orada oturub bizi izləyir. Yumşaq
buludların üstündə bardaş qurub üzümə düşən parlaq Günəş işığını sevinclə qəbul
edib yerə baxmaq istədim. Qulaqlıqdan isə "Gravity is working
against me, and gravity wants to bring me down” cümlələri səslənirdi.
Varlığımı
dərk elədiyim ilk gün yenə yadıma düşdü. Həmişəki kimi o yaşda elə cümlə
qurmağıma, "Mən yaşayıram” deməyimə təəccübləndim. Düşünməyi ilbəil, hətta günbəgün
yadırğadığım bu dövrdə bu fakt daha möcüzəvi görünür.
Günəşli
bazar günündən 1 həftə keçib. Gün ərzində dayanmadan yağış yağıb, hələ də davam
edir. Bu gün şəxsi həyatdakı uğursuzluqlarım bəs deyilmiş kimi maddi problemlərin
daha da dərinləşəcəyini öyrənmişəm. Amma
metrodan marketə doğru olan 10 dəqiqə piyada yolu problemləri düşünmədən, sifətimdə
qarşısını ala bilmədiyim, üz əzələlərimi ağrıdan dərin gülümsəmə ilə, yağışa məhəl
qoymadan getdim. Marketə çatanda, tamamilə islanmışdım, ancaq bu fakt sifətimdəki
ifadənin dəyişməsinə mane ola bilmirdi. Hamı mənə baxırdı. Əsasən heç kimin diqqətini
cəlb etməyən, kiçik nəzərdən belə narahat olan mən insanlara məhəl qoymadan səbətimi
yağ, süd, qatılaşdırılmış süd və s. ərzaqlarla doldurdum. Bir neçə gün sonra səhər
saat 7-də ad günü tortumu "barmaqlamaq” üçün oyanacam və təbrik məqsədilə
verilmiş "Bu gün sənin ad günündür?” sualını daha çox eşitməyə ümid edəcəm.
Bilmirəm,
hazırda kitabın hansı hissəsini yaşayıram. Yəqin ki, sözlərlə dolu hissələridir,
səhifələrdə ağ boşluqlar daha azdır. Bildiyim tək şey, bu sözlər buludları tez-tez
görməyimə, onlara toxunmaq istəyimə mane olur. Amma tez-tez yağış yağır və mən əslində
buludlara toxuna bilirəm.
Şərhlər