2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% artıb.
Bəs 5,7%-lik inflyasiya adi vətəndaşın gündəlik həyatında konkret olaraq necə hiss olunur? Bu artım ailə büdcəsinə nə qədər əlavə yük yaradır?
İqtisadçı Günay Hüseynova Qaynarinfo-ya açıqlamasında bildirib ki, istehlak qiymətləri indeksinin 5,7% yüksəlməsi bütün məhsul və xidmətlərin qiymətinin eyni səviyyədə artması demək deyil:
“Əslində istehlak qiymətləri indeksinin 5,7% yüksəldiyi qeyd olunsa da, bu tam statistik göstərici deyil. Belə ki, inflyasiyanın səviyyəsinin müxtəlif sahələr üzrə artımı da müxtəlifdir.
Məsələn, əhali gəlirlərinin əhəmiyyətli hissəsi ərzaq məhsullarının alınmasına xərclənir. Ərzaq məhsulları üzrə inflyasiya həmin dövrdə 6,8%-dir. Bu da o deməkdir ki, x məhsulun qiyməti ötən illə müqayisədə 6,8% yüksəlib. Təbii ki, 6,8% olan göstərici bütün ərzaq məhsullarını əhatə etmir. Hər hansısa bir məhsulun inflyasiyası 10-12% də ola bilər”.

Ekspert bildirib ki, inflyasiyanın vətəndaşın gündəlik həyatında əsas təsirlərindən biri gəlirlər artmadığı halda xərclərin yüksəlməsidir:
“Bu rəqəmlərin adi vətəndaşın gündəlik həyatında konkret olaraq necə hiss olunmasına qaldıqda isə, əgər şəxsin gəliri artmırsa, inflyasiya sadəcə xərcləri bir az daha artırır. Nəticədə ailənin maliyyə yükü artmış olur. Konkretlik məsələsinə gəldikdə:
Məsələn, bir ailənin aylıq ərzaq xərclərini 500 manat hesablasaq:
500 × 6,8% = 34 manat.
Yəni artıq 500 manata alacağı məhsulların cəmi istehlakçı üçün 534 manata başa gələcək”.
Günay Hüseynova digər xərclərin də inflyasiyanın təsiri ilə artdığını qeyd edib:
“Və ya digər xərcləri 400 manat hesablasaq:
400 × 5,7% = 22,8 manat.
400 manatlıq xərclər yekunda minimum 22 manat 80 qəpik artımla olacaq.
Həmin 5,7% artım ötən illə müqayisədə bir o qədər də qiymət artımı deməkdir”.
Günay Hüseynova hesab edir ki, inflyasiyanın yaratdığı maliyyə yükünü kompensasiya etmək üçün gəlirlərdəki artım qiymət artımından yüksək olmalıdır:
“Balans o zaman qorunar ki, inflyasiya 5,7% olsa da, əmək haqqı artımı, müavinət və pensiyalar minimum 7-8% artmış olsun”.
Günay İlqarqızı
Şərhlər