Lənkəran Şəhər İcra Hakimiyyəti abadlıq işləri və yaşayış binalarında təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Safari” MMC seçilib. Abadlıq və təmir işlərinin həyata keçirilməsi üçün şirkətə 2 000 072,42 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Safari” MMC 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 9, 5-ci döngə, mənzil 170, giriş 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsazadə İqbal Mirbaba oğludur.
Açıq mənbələrdə şirkət və onun hazırkı qanuni təmsilçisi barədə əlavə məlumatlara rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Safari” MMC cari ildə 7 tenderin qalibi olub. Şirkətin bu tenderlər üzrə əldə etdiyi satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 milyon 271 min 359,22 manat təşkil edir.
“Safari” MMC-nin müxtəlif dövlət qurumlarının keçirdiyi satınalmalarda vaxtaşırı qalib olması diqqət çəkir. Xüsusilə cari ilin ötən dövründə 7 tenderin qalibi olması şirkətin dövlət satınalmalarında fəallığı ilə bağlı suallar yaradır.
Şirkətin təmir, abadlıq və digər işlərlə bağlı satınalmalarda ardıcıl şəkildə qalib gəlməsi rəqabət mühiti baxımından da maraq doğurur.
Araşdırmalarımıza əsasən, “Safari” MMC-nin İqbal İsazadədən əvvəlki qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğlu olub.
Mübariz Verdixanov bəzi mediada “tender kralı” kimi təqdim edilir. O, hazırda “Safari Bak Upak” MMC-nin və “Pioneer” şirkətinin qanuni təmsilçisi kimi göstərilir.
“Safari” MMC-nin əvvəlki qanuni təmsilçisinin Mübariz Verdixanov olması şirkətin faktiki sahibinin kimliyi ilə bağlı suallar yaradır. Şirkətin Mübariz Verdixanova məxsus olması ehtimalı da istisna edilmir. Lakin bununla bağlı açıq rəsmi məlumat yoxdur.
Seyid
Şərhlər