XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi
Dünya14:33 09.09.2026

Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi

Təkcə atasının deyil, əcdadlarının da imtiyazından yararlanıb: imtahansız universitetə qəbul oldu. “Onun bu məktəbə gəlməsi narahatlıq yaradır”

Son dövrlərdə dünyanın ən çox diqqət göstərdiyi şəxslərdən biri şahzadə Leonordur. Yəni İspaniya kralı Felipe ilə kraliça Letisiyanın böyük qızı, gələcək İspaniya kraliçası...

Qaynarinfo xəbər verir ki, cəmi 20 yaşlı Leonorun son üç ildə bu qədər diqqət mərkəzində olmasının səbəblərindən biri də keçdiyi hərbi hazırlıqdır. Leonor quru qoşunlarında başladığı təhsilini əvvəlcə dəniz, daha sonra isə hava qüvvələrində davam etdirib. O, təlimlər zamanı ərazidə sürünüb, əsgər yeməyi yeyib. Daha sonra təlim gəmisi ilə altı ay ərzində açıq dənizdə olub. Sonda isə paraşütlə tullanmağı və təyyarəni solo idarə etməyi öyrənib. Hətta bunun sayəsində “İspaniya kral ailəsində təyyarəni təkbaşına idarə edən ilk qadın üzv” kimi tarixə düşüb. Beləliklə, Leonorun üç illik hərbi hazırlığı başa çatıb.

Universitet tələbəsi oldu

Şahzadə Leonor ötən ay bütün hərbi təhsilini tamamlayaraq həyatında yeni səhifə açıb. O, bundan sonra Madridin yaxınlığındakı Xetafe şəhərində yerləşən Karlos III Universitetində siyasi elmlər və hüquq təhsili alacaq.

Gənc şahzadə dünən yeni həyatının ilk addımını atıb. Universitetdə dərslərin başlaması ilə Leonor üçün də yeni tədris ili başlayıb. Əcdadlarının adını daşıyan universitetdə təhsilinin ilk günü Leonor bütün yaşıdları kimi cins şalvar, ağ köynək və idman ayaqqabısı geyinib. Uzun saçlarını hörən Leonor adi tələbə kimi görünməyə çalışsa da, universitetin ilk günündə ona xüsusi diqqət göstərilib. Leonor da ona göstərilən marağa səmimi şəkildə cavab verib.

Bəzi tələbələr bunu narahatedici hesab edib

Universitet rəhbərliyi kral ailəsinin üzvü, hətta gələcək kraliça olmasına baxmayaraq Leonora heç bir imtiyaz verilməyəcəyini bildirsə də, vəziyyət tam olaraq belə görünmür.

Universitetin ilk günü Leonor adi tələbə kimi geyinərək dərsə getsə də, ona göstərilən diqqət, jurnalistlərin və şahzadəni görüntüləməyə çalışan media nümayəndələrinin iştirakı tamamilə fərqli mənzərə yaradıb.

Leonor isə ona yönələn bu diqqətə gülümsəyərək və əl yelləyərək cavab verib. Universitetdəki digər tələbələr də şahzadənin onların arasına qoşulmasını müxtəlif cür qiymətləndiriblər.

Karlos III Universitetinin bəzi tələbələri Leonorun onlarla eyni universitetdə təhsil almasından məmnundurlar. Lakin onun kral ailəsinin üzvü olmasını “narahatedici” hesab edənlər də var.

Tələbələrdən biri fikrini belə ifadə edib: “Əslində onun kral ailəsindən olması bir qədər narahatedicidir. Çünki o, adi tələbə deyil, Asturiya şahzadəsidir".

İmtahansız universitetə qəbul oldu

Şahzadə Leonor İspaniya üzrə keçirilən universitetə qəbul imtahanında iştirak etməsinə ehtiyac qalmadan, erkən qəbul proqramı sayəsində universitetə qəbul edilib. Bu prosedur xaricdə təhsil alan tələbələrə tətbiq olunur.

Leonor da hərbi təhsilinə başlamazdan əvvəl Uelsdə yerləşən məşhur “UWC Atlantic College”də təhsil alaraq diplom alıb. Məhz bunun sayəsində onun İspaniyada keçirilən universitetə qəbul imtahanında iştirak etməsinə ehtiyac qalmayıb.

Madrid Karlos III Universitetinin qiymətləndirmə komitəsi Leonorun əvvəlki akademik nəticələrini, yəni aldığı qiymətləri nəzərdən keçirərək onun universitetə qəbul edilməsinə qərar verib.

Aydın