XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hücum yaxınlaşır: Bu ada müharibə ehtimalına qarşı onlarla bunker tikir
Dünya16:26 09.09.2026

Hücum yaxınlaşır: Bu ada müharibə ehtimalına qarşı onlarla bunker tikir

Tayvan Çinin hərbi fəallığının artması fonunda qırıcı aviasiyasının müdafiəsini gücləndirir. Adanın Hərbi Hava Qüvvələri Hualyen və Taytung dairələrində 26 möhkəmləndirilmiş aviasiya sığınacağının tikintisinə 218 milyon dollardan çox vəsait xərcləməyi planlaşdırır.

Qaynarifno xəbər verir ki, bu barədə "Taipei Times" məlumat yayıb.

Layihənin 2027-2031-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulur. Büdcə planlarına əsasən, 22 sığınacaq Hualyendə, daha dördü isə Taytungda tikiləcək. Bununla Tayvan mümkün hücum zamanı qırıcı aviasiyanın sağqalma qabiliyyətini maksimum artırmaq üçün “bir təyyarə – bir sığınacaq” prinsipini həyata keçirməyə çalışır.

İnfrastrukturun gücləndirilməsi Tayvanın ABŞ-dan aldığı 66 yeni F-16V Block 70 qırıcısının gözlənilən tədarükü ilə bağlıdır. Təyyarələrin Taytung dairəsindəki Çihang aviabazasında yerləşdirilməsi və 7-ci taktiki qırıcı qanadının tərkibinə daxil edilməsi planlaşdırılır.

Yeni təyyarələr artıq Hualyen dairəsində 5-ci taktiki qırıcı qanadının istismar etdiyi F-16V Block 20-ləri tamamlayacaq. Sifariş edilən bütün təyyarələr təhvil alındıqdan sonra Tayvanın şərqində təxminən 110-120 F-16V qırıcısının yerləşməsi mümkün olacaq.

66 yeni təyyarənin tədarükünə artıq başlanılıb, lakin qrafikdə gecikmələr yaranıb. İlk iki F-16V Block 70 sentyabr ayında ABŞ-dan havaya qalxıb, lakin qısa müddət sonra naməlum səbəblərdən Havay adalarına geri qayıdıb. Qalan təyyarələrin gələn il və 2028-ci ildə Tayvana təhvil verilməsi planlaşdırılır.

Bunkerlər güclü zərbələrə davam gətirməlidir

Yeni sığınacaqlar yüksək güclü partlayışlara tab gətirə biləcək şəkildə layihələndiriləcək. Hərbi əməliyyatlar başlayacağı təqdirdə qırıcıların bir hissəsinin Hualyen və Taytungdakı möhkəmləndirilmiş obyektlərdə yerləşdirilməsi planlaşdırılır.

Tayvan hərbçilərinin planına əsasən, bu, hərbi infrastruktura raket və ya aviasiya zərbələri endirildikdən sonra belə kifayət qədər sayda döyüşəqabiliyyətli təyyarənin qorunub saxlanmasına imkan verəcək. Sağ qalan qırıcılar ələkeçirmə, təhdidlərin qarşısının alınması və adanın müdafiəsi üzrə tapşırıqları yerinə yetirməyə davam etməlidirlər.

Bununla yanaşı, Tayvan Hualyendə yerləşən böyük yeraltı Tszyaşan aviasiya kompleksini modernləşdirməyi planlaşdırır. Onun yenilənməsi üçün 2031-ci ilədək daha 112,5 milyon dollar ayrılması nəzərdə tutulur. Dağlıq ərazidə yerləşən kompleks çox sayda qırıcı üçün sığınacaq rolunu oynaya bilər və ilk zərbə zamanı aviasiyanın döyüş qabiliyyətinin qorunması baxımından əsas obyektlərdən biri hesab olunur.

Tayvan mümkün münaqişəyə hazırlaşır

Qorunan aviasiya infrastrukturunun genişləndirilməsi Çinlə mümkün hərbi münaqişə ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Pekin Tayvanı öz ərazisi hesab edir və ada üzərində nəzarəti təmin etmək üçün güc tətbiq etmək imkanından imtina etmir.

Tayvan Prezidenti Lay Çinq-te hərbçiləri təhlükəsizlik sahəsində və hərbi texnologiyaların inkişafında baş verən sürətli dəyişikliklərə uyğunlaşmağa çağırıb. O, müxtəlif qoşun növlərinin birgə əməliyyatlarının gücləndirilməsinin və asimmetrik imkanların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Lay həmçinin bildirib ki, hakimiyyət ordunu zəruri resurslarla təmin etməyə və hərbi qulluqçuların xidmət şəraitini yaxşılaşdırmağa davam edəcək. Onun sözlərinə görə, müdafiənin gücləndirilməsi sülhün qorunmasının vacib şərtidir.

Aydın