“Bu gün tələbələr Bakı şəhərində kirayə mənzil tapmaqda çox ciddi problemlərlə üz-üzədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı deyib.
Ekspert kirayə mənzil bazarında 10 faizlik qiymət artımı olduğunu xatırladıb:
“Hazırda bazarda 10 faizdən artıq qiymət artımı müşahidə olunmaqdadır. Şəhərin mərkəzində evlər bahadır. Heç bir tələbə “İçərişəhər”, “28 May” metrostansiyalarının yaxınlığında kirayə mənzil tutmur. Tələbələr ən yaxşı halda 4-5 nəfər olmaqla “Nərimanov”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Qara Qarayev”, “Əhmədli”, “Xalqlar dostluğu” metrostansiyalarının yaxınlığında mənzil kirayə edirlər. Həmin evlərin qiyməti 500-800 manat arasında dəyişir. Bu problem var. Təəssüf ki, bu problem kirayə mənzil üzrə təklif portfelinin məhdudlaşması ilə bağlıdır”.

Ramil Osmanlı kirayə mənzil bazarında təklifin az, tələbin isə yüksək olduğunu xatırladıb:
“Bu səbəbdən də qiymətlər artmaqda davam edir. İlbəil şəhərsalma prosesi dərinləşdikcə problem də dərinləşir. Getdikcə də belə olacaq”.
Ramil Osmanlı tələbələrin kirayə mənzil tapa bilməməsinin əsas səbəblərindən birinin mənzil sahiblərinin ailəli şəxslərə üstünlük verməsi olduğunu bildirib:
“Əksər mənzil sahibi deyir ki, evimi tələbəyə deyil, ailəyə verirəm. Bu kimi məsələlər də var”.
Bahar Rüstəmli
Şərhlər