XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zərərçəkənlər MTN polkovnikinin vaxtından əvvəl azadlığa çıxa biləcəyindən narahatdır
Ölkə14:47 09.09.2026

Zərərçəkənlər MTN polkovnikinin vaxtından əvvəl azadlığa çıxa biləcəyindən narahatdır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin sabiq rəisi, polkovnik Vüsal Ələkbərovun amnistiya və ya əfv yolu ilə vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məlumatlar zərərçəkmiş şəxslərin narazılığına səbəb olub.

Zərərçəkmiş şəxslər Qaynarinfo-ya bildiriblər ki, belə bir qərarın qəbul edilməsi onların hüquqlarının və ədalət gözləntilərinin pozulması olacaq. Onlar Vüsal Ələkbərovun mümkün əfv və ya amnistiya qərarının tətbiq dairəsinə salınmasına etiraz edirlər.

Onların fikrincə, belə bir vəziyyətdə Vüsal Ələkbərovun amnistiya və ya əfv mexanizmi ilə vaxtından əvvəl azadlığa buraxılması cəmiyyətə və zərərçəkənlərə mənfi mesaj verə bilər. Zərərçəkmişlər dövlət qurumlarını və Əfv Komissiyasını qərar qəbul edilərkən zərərçəkmiş şəxslərin mövqeyini və ödənilməmiş maddi tələbləri nəzərə almağa çağırırlar.

Vüsal Ələkbərov MTN-də 2015-ci ildə başlayan həbslər zamanı saxlanılan yüksək vəzifəli şəxslərdən biri olub. Bakı Hərbi Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmə əsasən, o, qanunsuz həbslər, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma ilə bağlı ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin hökmlə Ələkbərova məxsus, həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş əmlaklara da müsadirə tətbiq olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Vüsal Ələkbərovun cəzasını 5 ilə endirib və onun məhkəmə zalından azadlığa buraxılmasına qərar verib.

Vüsal Ələkbərovun adı 2021-ci ildə MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevin saxlanılmasından sonra yenidən istintaq materiallarında gündəmə gəlib. Bu dəfə onun fəaliyyəti mütəşəkkil dəstə çərçivəsində araşdırılıb.

Bakı Hərbi Məhkəməsinin 2023-cü ildə çıxardığı hökmə əsasən, Vüsal Ələkbərov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyid