XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Akif Nəsirli: "Kəndlini yerində saxlamağın açarı real gəlir mənbəyi yaratmaqdır"
Ekonomiks14:14 09.09.2026

Akif Nəsirli: "Kəndlini yerində saxlamağın açarı real gəlir mənbəyi yaratmaqdır"

"Kəndlərin boşalmasının kökündə duran əsas səbəb sadədir. İnsan orada yaşadığı müddətdə ailəsini dolandıra bilmirsə, gec-tez şəhərə üz tutur. Ona görə də kəndlini yerində saxlamağın açarı romantik çağırışlarda deyil, real gəlir mənbəyi yaratmaqdadır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli kənddən şəhərə axının qarşısının alınması yollarından danışarkən deyib.

Onun sözlərinə görə, torpaq və su məsələsi kənddə qalmağın təməlidir:

"Əgər kəndli suvarma suyuna, keyfiyyətli toxuma, gübrəyə və texnikaya asan çıxış əldə etmədən işləyirsə, əməyi bahalaşır, məhsulu ucuzlaşır və nəticədə bu sahə cəlbediciliyini itirir. Kredit və subsidiya mexanizmləri kağız üzərində qalırsa və real olaraq kiçik fermerə çatmırsa, yaranan boşluğu doldurmur.

İkinci böyük amil bazara çıxışdır. Kəndli məhsul yetişdirib onu ədalətli qiymətə sata bilmirsə, vasitəçilər aradakı fərqdən qazanc götürür. Yol infrastrukturu zəifdirsə, saxlama və soyuducu anbarlar yoxdursa, kəndli əməyinin bəhrəsini görə bilmir. Kənd təsərrüfatı kooperativlərinin real fəaliyyət göstərməsi, məhsulun birbaşa şəhərə və ya emal müəssisələrinə çıxarılması imkanının yaradılması bu baxımdan çox vacibdir".

Ekspert hesab edir ki, bu məsələdə gündəlik həyat şəraiti də mühüm rol oynayır:

“Yaxşı yol, fasiləsiz elektrik enerjisi, təmiz içməli su, sabit internet bağlantısı bu gün sadəcə rahatlıq deyil, gəncləri kənddə saxlamaq üçün minimum şərtdir. Çünki internet olmadan uzaqdan işləmək, təhsil almaq və ticarətlə məşğul olmaq imkanları da məhdudlaşır.

Bundan əlavə, keyfiyyətli məktəb və tibbi xidmətlərin kənddə mövcud olması ailənin qalıb-qalmamaq qərarında həlledicidir. Valideyn uşağının təhsili və sağlamlığı üçün narahatdırsa, şəhərə köçməkdən başqa çarə görmür”.

Akif Nəsirli vurğulayıb ki, iş yerləri təkcə kənd təsərrüfatı ilə məhdudlaşmamalıdır:

“Kənddə emal sənayesi, kiçik istehsalat, turizm, o cümlədən aqroturizm və ekoturizm kimi əlavə iş sahələri yaradılmasa, gənclər üçün gələcək perspektivi görünmür. Xüsusilə gənclər üçün karyera imkanları, məşğulluq proqramları və sahibkarlığa dəstək, o cümlədən kiçik biznes üçün əlçatan kreditlər və vergi güzəştləri olmadan onların kəndə bağlılığı zəifləyir.

Mülkiyyət və hüquqi təminat da vacibdir. Torpaq üzərində sabit və qorunan mülkiyyət hüququnun təmin edilməsi, bürokratik əngəllərin azaldılması, dövlət dəstəyinin şəffaf və ədalətli bölüşdürülməsi kəndlidə gələcəyə inam yaradır. Əgər insan sabah torpağını və evini itirə biləcəyindən qorxursa, ora investisiya qoymaqdan çəkinir”.

Akif Nəsirli sosial və mənəvi amillərin də unudulmamasının vacibliyini vurğulayıb:

“İnsan təkcə çörək pulu üçün deyil, mənsub olduğu icmaya, ailə əlaqələrinə, torpağına bağlılığına görə də yaşadığı yerdə qalır. Amma bu bağlılıq real iqtisadi imkan və layiqli həyat şəraiti ilə dəstəklənmirsə, təkbaşına kifayət etmir.

Deməli, kəndi boşalmaqdan qorumaq üçün kompleks yanaşma lazımdır. Su və torpaqdan tutmuş yol, internet, məktəb, xəstəxana, iş yeri və ədalətli bazara çıxışa qədər hər bir həlqə bir-birini tamamlamalıdır. Yalnız bir tədbirlə, məsələn, subsidiya ilə bu problemi həll etmək mümkün deyil”.

Bahar Rüstəmli