XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp Ayın ABŞ-a məxsus olduğunu dedi: Bəs beynəlxalq hüquq nə deyir?
Dünya21:27 09.09.2026

Tramp Ayın ABŞ-a məxsus olduğunu dedi: Bəs beynəlxalq hüquq nə deyir?

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında etdiyi son paylaşımlarda Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsini təklif etməklə yanaşı, Ayın da ABŞ-a məxsus olduğunu iddia edib. Bu açıqlamalar beynəlxalq kosmik hüququ da müzakirəyə cəlb edib.

Qaynarinfo xəbər verir ki, Donald Trampın coğrafi adlar və ABŞ-ın suverenliyi ilə bağlı qeyri-adi açıqlamalarına yeniləri əlavə olunub. ABŞ Prezidenti "Truth Social" hesabında ardıcıl paylaşımlar edərək bu dəfə Nyu-Meksiko ştatının adının “Nyu Amerika” olaraq dəyişdirilməsini gündəmə gətirib və Ayın da Amerika Birləşmiş Ştatlarına məxsus olduğunu irəli sürüb.

Sosial media hesablarında süni intellektlə hazırlanmış görüntülərdən tez-tez istifadə edən Trampın son paylaşımları daha əvvəl Meksika körfəzi və Ontario gölü ilə bağlı ad mübahisələrindən sonra gəlib. Lakin Ayla bağlı açıqlama məsələni simvolik ad dəyişikliklərindən kənara çıxararaq beynəlxalq kosmik hüququ yenidən gündəmə gətirib.

Ay üzərində dövlət suverenliyi yaradıla bilərmi?

Ay və digər səma cisimləri üzərində hüquqların əsas çərçivəsini 1967-ci il tarixli Xarici kosmos haqqında müqavilə müəyyən edir. ABŞ-ın da daxil olduğu 111 ölkənin tərəfdar çıxdığı bu müqavilə hər hansı dövlətin kosmosdakı ərazini və ya səma cismini öz torpağı elan etməsinə icazə vermir.

Bu çərçivədə Ay, Mars və ya digər səma cisimləri üzərində suverenlik elan etmək, istifadə, işğal və ya buna bənzər üsullarla milli mülkiyyət hüququ yaratmaq mümkün deyil. Kosmik hüquqa əsasən, bu ərazilər ayrı-ayrı dövlətlərin nəzarətinə verilə bilməz və bütün ölkələrin kəşfiyyat və tədqiqat fəaliyyətləri üçün açıq saxlanılmalıdır.

Elmi məqsədlərlə yaradıla biləcək tədqiqat stansiyalarına isə fərqli status tətbiq olunur. Müəyyən şərtlər daxilində bu cür obyektlərin yaradılmasına icazə verilə bilər və məlumat mübadiləsi də sistemin mühüm elementlərindən biridir. Bununla belə, kommersiya obyektləri, otellər və ya birbaşa mülkiyyət hüququna əsaslanan layihələr üçün mövcud müqavilələr aydın hüquqi əsas yaratmır.

Siyasi açıqlama ilə hüquqi reallıq fərqlidir

Böyük dövlətlərin beynəlxalq müqavilələri pozması və ya onlardan birtərəfli qaydada çıxması ehtimalı zaman-zaman müzakirə edilsə də, Ay üzərində daimi hakimiyyət qurmaq yalnız hüquqi məsələ deyil. Texniki imkanlar, logistika və uzunmüddətli kosmik əməliyyatların yüksək maliyyəti də belə bir təşəbbüsün qarşısındakı mühüm maneələr sırasındadır.

Bu səbəbdən Trampın Ayla bağlı paylaşımı yaxın perspektivdə hüquqi dəyişiklik yaratmayacaq. Mövcud beynəlxalq hüquqi nizam hər hansı ölkənin səma cisimləri üzərində birbaşa ərazi və ya mülkiyyət hüququ elan etməsinə imkan vermir.

Nyu-Meksiko ştatının adının “Nyu Amerika” olaraq dəyişdirilməsi təklifi isə Trampın son dövrdə coğrafi adlar üzərindən apardığı müzakirələrin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Beləliklə, eyni paylaşımlar həm ABŞ daxilində ad dəyişiklikləri ilə bağlı müzakirələri, həm də kosmosda suverenliyin sərhədləri məsələsini yenidən ictimaiyyətin gündəminə gətirib.

Aydın