XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kral transferi: 9-cu liqa klubunun kapitanı bu ölkədə kral ola bilər (FOTO)
İdman22:45 08.09.2026

Kral transferi: 9-cu liqa klubunun kapitanı bu ölkədə kral ola bilər (FOTO)

İngiltərənin 9-cu liqasında çıxış edən həvəskar futbol klubunun 36 yaşlı qapıçısı və kapitanı Corc Desmond Kamurasi Uqandadakı Toro krallığının yeni kralı ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.

Nəşr vəziyyəti istehza ilə “kral transferi” adlandırıb. Belə ki, Londonun cənub-qərbində qapıçılıq edən Kamurasi Afrika ölkəsində taxta çıxa bilər.

Söhbət Uqandanın qərbində yerləşən Toro krallığından gedir. Burada bir milyondan çox insan yaşayır. Uqandada bir neçə ənənəvi monarxiya qorunub saxlanılıb. Bu krallıqların ciddi siyasi səlahiyyətləri olmasa da, ölkənin mədəni həyatında mühüm rol oynayırlar.

Futbol dünyasında “Big G” kimi tanınan Kamurasi İngiltərədə doğulub və böyüyüb. Onun babası kral III Corc Rukidi olub. Bu yaxınlarda 34 yaşında xərçəng xəstəliyindən vəfat edən kral Oyo Nyimba Kabamba İguru Rukidi IV isə Kamurasinin əmisi oğlu olub.

Kamurasi iki il əvvəl “Instagram” hesabında Uqanda ilə bağlı paylaşımında öz mədəni irsi ilə sıx əlaqəsini qoruduğunu bildirib.

Bununla belə, onun həyatı hazırda tamamilə İngiltərə ilə bağlıdır. Ailəsi ilə Londonda yaşayan Kamurasinin əsas maraqlarından biri də futboldur. O, İngiltərənin 9-cu liqasında mübarizə aparan “South East Dons” klubunun qapısını qoruyur və komandanın kapitanıdır.

İndi isə qarşısında qeyri-adi seçim dayanıb: futbol karyerasını davam etdirmək, yoxsa taxt-tac uğrunda mübarizəyə qoşulmaq.

Britaniya mediasının məlumatına görə, Kamurasi hələlik kral olmaq təklifini qəbul edib-etməmək barədə qərar verməyib. Onun əmisi oğlunun dəfn mərasimində iştirak edib-etməyəcəyi belə sual altındadır. Çünki dəfn mərasiminin keçirilməsi planlaşdırılan tarixdə Kamurasinin klubunun kubok uğrunda mühüm oyunu var.

Bununla belə, artıq 21 nəfərdən ibarət xüsusi komitə onu Toro krallığının yeni kralı kimi görmək istədiyini açıqlayıb. Uqanda prezidenti də Kamurasinin namizədliyini təsdiqləyib.

Beləliklə, qərar indi “Big G”yə məxsusdur: o, İngiltərədə qapını qorumağa davam edəcək, yoxsa Uqandaya gedərək krallığın taxtına əyləşəcək?

Aydın