Gecələr milyonlarla dollar xərclənir, lüks avtomobillər qapıya düzülür, bahalı çantalar izdihamın üzərinə atılırdı. Polis pulun izinə düşəndə isə qarşılarına cəmi 22 yaşlı gənc və 245 milyon dollar dəyərində Bitcoin oğurluğu çıxıb.
Qaynarinfo xəbər verir ki, 245 milyon dollar dəyərində Bitcoin, milyonlarla dollarlıq avtomobillər, şəxsi təyyarələr və gecə klublarında bir gecədə xərclənən yüz minlərlə dollar... Cəmi 22 yaşlı Malone Lamın adı kriptovalyuta dünyasının ən böyük oğurluqlarından birinin ardından gündəmə gəlib.
“245 milyon dollar oğurlayıb leqallaşdırdı”
BBC-nin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Sinqapur vətəndaşı Malone Lamın dostları ilə birlikdə yaratdığı beynəlxalq cinayət şəbəkəsi vasitəsilə 245 milyon dollar dəyərində Bitcoin oğurladığını və bu vəsaiti leqallaşdırdığını açıqlayıb.
Lam tarixin ən böyük kriptovalyuta oğurluqlarından birini təşkil etmək və cinayətkar dəstənin fəaliyyətində iştirak etmək ittihamlarını qəbul edib.
Lakin istintaqın ortaya çıxardığı təfərrüatlar yalnız oğurlanan pulun həcmi ilə məhdudlaşmayıb. Lam və onunla birlikdə hərəkət edən şəxslər milyonlarla dollarlıq kriptovalyuta sərvətini qısa müddətdə dəbdəbəli həyat tərzini maliyyələşdirməyə yönəldiblər.
Bir gecədə yarım milyon dollar
Dəstənin oğurladığı vəsaitlərlə gecə klublarında bir gecədə 500 min dollara qədər pul xərclədiyi müəyyən edilib.
Şəbəkə, həmçinin qiyməti 100 min dollardan 3,8 milyon dollara qədər dəyişən lüks avtomobillərdən ibarət park satın alıb.
Lamın gecə klublarındakı dəbdəbəli davranışı isə istintaqın ən diqqətçəkən detallarından biri olub. Təqsirləndirilənin izdihamın üzərinə on minlərlə dollar dəyərində lüks brend çantalar atdığı bildirilib.
Lüks saatlara, şəxsi təyyarələrin icarəsinə və mühafizə dəstələrinə də milyonlarla dollar xərclənib.
Onlayn platformada tanış olublar
Məhkəmə sənədlərinə əsasən, şəbəkənin fəaliyyəti 2023-cü ilin oktyabrında başlayıb və ən azı 2025-ci ilin may ayına qədər davam edib.
Şəbəkə üzvləri onlayn oyun platformalarında tanış olublar. Qrupda Kaliforniya, Konnektikut, Nyu-York və Florida ştatlarından, eləcə də ABŞ-dan kənardan olan şəxslər iştirak edib.
Şəbəkəyə Lam rəhbərlik edib. Təqsirləndirilənin internetdə “Anne Hathaway”, “$$$” və “King Greavy” təxəllüslərindən istifadə etdiyi qeyd olunub.
Dəstə Bitcoin sahiblərini hədəfə alaraq sosial mühəndislik üsullarından yararlanıb. Qurbanlar aldadılaraq onların məxfi məlumatları əldə edilib və həmin məlumatlardan istifadə etməklə rəqəmsal pul kisələrinə giriş təmin olunub.
Bəzi hallarda isə rəqəmsal üsullar birbaşa fiziki müdaxilə ilə əvəzlənib. Dəstə üzvlərinin qurbanların evlərinə basqın edərək rəqəmsal pul kisələrini boşaltmağa imkan verən məlumatları əldə etdikləri bildirilib.
20 ilədək həbs cəzası
ABŞ Dairə Hakimi Kolin Kollar-Kotelli ittihamları qəbul edən Lam üçün hələ məhkəmə iclasının tarixini müəyyənləşdirməyib.
Lam təqsirli bilinərsə, 20 ilədək həbs cəzası ilə üzləşə bilər.
ABŞ prokuroru Cinayn Pirro beynəlxalq cinayət şəbəkəsinə rəhbərlik edən təqsirləndirilənin ifşa edilərək ədalət qarşısına çıxarıldığını vurğulayıb.
Aydın
Şərhlər