XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Beyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı
Dünya08:59 09.09.2026

Beyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı

Beyni və sinir sistemi olmayan bir canlının öyrənməyə və problem həll etməyə bənzər davranışlar nümayiş etdirməsi elm dünyasında ciddi müzakirələrə səbəb olub.

Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, söhbət Physarum polycephalum adlı selikli kifdən gedir. Bu canlı beyni və sinir sistemi olmamasına baxmayaraq, ətraf mühitdən gələn məlumatlara uyğun davranışını dəyişə bilir.

Alimlərin apardığı təcrübələr zamanı Physarum-un qida mənbəyinə çatmaq üçün müxtəlif yolları sınaqdan keçirdiyi və sonda daha səmərəli marşrutu seçdiyi müşahidə olunub.

Təcrübələrin birində canlı labirintə yerləşdirilib. Qidaya aparan yolu axtaran Physarum lazımsız istiqamətləri tədricən aradan qaldıraraq ən qısa marşrutu saxlayıb.

Daha maraqlı nəticə isə Tokio ilə bağlı təcrübədə əldə olunub. Tədqiqatçılar Tokio və ətrafındakı 35 məntəqəni təmsil edən qida parçalarını yerləşdiriblər. Physarum bu nöqtələri birləşdirən şəbəkə yaradıb və ortaya çıxan quruluş şəhərin real dəmir yolu şəbəkəsinə olduqca bənzəyib.

Canlının bir növ “yaddaş” nümayiş etdirə bildiyi də müəyyənləşdirilib. Physarum hərəkət etdikcə arxasında selikli iz buraxır və sonradan həmin izlərdən istifadə edərək əvvəllər araşdırdığı ərazilərdən yayınır.

Bəzi təcrübələr isə onun müəyyən hadisələrin vaxtını “öyrənə” biləcəyinə dair ehtimallar yaradıb. Məsələn, müəyyən fasilələrlə soyuq və quru şəraitə məruz qalan canlı bir neçə təkrardan sonra mənfi şəraitin baş verəcəyi vaxta yaxın hərəkətini yavaşladıb.

Bu nəticələr alimlər arasında sual doğurub: Zəka və öyrənmə üçün mütləq beyin lazımdırmı?

Bir qrup alim belə davranışların zəkanın daha geniş formada başa düşülməsinə əsas verə biləcəyini düşünür. Digərləri isə “zəka” və “yaddaş” kimi anlayışların beyinsiz orqanizmə tətbiq edilməsinin yanıltıcı ola biləcəyini bildirir.

Physarum-un davranışları hələ onun “düşündüyünü” sübut etmir. Lakin bu canlı öyrənmə, yaddaş və problem həllinin yalnız beyin və neyronlarla mümkün olduğu barədə təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb olur.

Günay